Tesla Optimus-un yeni görüntüləri sosial şəbəkələrdə viral oldu
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Tesla-nın Optimus robotu ilə bağlı yayılan yeni video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə şirkətin humanoid robotu “Autonomy Visualized” adlı tədbir zamanı içki təqdim edərkən balansı itirərək yıxılır. Hadisə Teslanın Mayamidəki mağazasında keçirilən təqdimatda baş verib.
Electrek-in məlumatına görə, tədbir Tesla-nın “Autopilot texnologiyası və Optimus” robotunu nümayiş etdirmək üçün təşkil olunmuşdu. Lakin robotun səhnədə yıxılması şirkətin rəhbəri Elon Musk üçün xoşagəlməz situasiya yaradıb. Son aylarda Musk Optimus-un bacarıqlarını nümayiş etdirən videoları aktiv şəkildə paylaşırdı. Bu videolarda robotun kung-fu hərəkətləri etdiyi, müxtəlif tapşırıqları sərbəst şəkildə yerinə yetirdiyi göstərilirdi.
Musk iddia edirdi ki, robot artıq insan tərəfindən uzaqdan idarə olunmadan hərəkət edir. Halbuki Tesla-nın keçmiş nümayişlərinin bir çoxunda Optimus-un arxa planda insan tərəfindən idarə olunduğu məlum olmuşdu. Miami tədbirindəki yıxılma isə robotun hələ tam müstəqil şəkildə fəaliyyət göstərə bilmədiyini yenidən gündəmə gətirib.
Paylaş