Texasda App Store üçün yaş təsdiqi məcburi oldu
ABŞ-nin Texas ştatında azyaşlıların tətbiqlərdən istifadəsini tənzimləyən yeni qanun qüvvəyə minir. Bu səbəbdən Apple Texasda App Store istifadəçiləri üçün yaş təsdiqi sistemini tətbiq etməyə başlayıb. Yeni qaydalara əsasən, Texasda yaradılan bütün yeni Apple hesabları istifadəçinin yaşını təsdiqləməli olacaq. Əgər istifadəçi azyaşlıdırsa, tətbiqlərin yüklənməsi, mühüm yenilənmələrin quraşdırılması və tətbiqdaxili alış-verişlərin həyata keçirilməsi üçün valideyn və ya qəyyumun razılığı tələb olunacaq.
Bundan əlavə, tətbiq tərtibatçıları valideynlərə istənilən vaxt verdikləri icazəni geri götürmək imkanı təqdim etməlidirlər. Bu halda azyaşlının həmin tətbiqlərə çıxışı məhdudlaşdırıla bilər. Qeyd edək ki, Texasın SB 2420 adlı qanunu ötən ilin may ayında qəbul edilmişdi. Qanunun ilkin olaraq 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minməsi planlaşdırılsa da, məhkəmə prosesləri səbəbindən tətbiqi gecikmişdi.
Apple son aylarda müxtəlif regionlarda yerli qanunvericiliyə uyğun yaş təsdiqi mexanizmlərini genişləndirir. Şirkət mart ayında Böyük Britaniyada da iCloud hesabları üçün oxşar yaş yoxlama sistemini istifadəyə vermişdi. Yeni qaydaların əsas məqsədi uşaqların rəqəmsal platformalarda daha təhlükəsiz mühitdə fəaliyyət göstərməsini təmin etmək və valideyn nəzarətini gücləndirməkdir.
Paylaş