
TikTok-un sahibi ByteDance öz AR cihazını hazırlamağı planlaşdırır
Texnoloji nailiyyətlərin artırılmış və virtual reallıq sahəsində mütləq uğur qazanacağına fanatik inam təkcə Meta-nın təsisçisi Mark Zuckerberg-ə xas deyil. Bu həftə məlum olub ki, Çin şirkəti ByteDance də artırılmış reallıq (AR) eynəyi istehsal etməyi planlaşdırır və ona bu işdə şirkətin dəstəklədiyi Pico adlı startap kömək etməyə hazırdır. Məlumata görə, ByteDance üçün hazırlanmaqda olan bu artırılmış reallıq eynəyi olduqca yığcam və yüngül olacaq - çəkisi 100 qramdan bir qədər çox təşkil edəcək. Əslində, bu qurğunun işləməsi üçün zəruri olan əsas elektron komponentlərin böyük hissəsi ayrıca bir gövdədə yerləşəcək. Bu gövdə formaca diskə bənzəyəcək və eynəklərlə kabel vasitəsilə birləşdiriləcək.

Pico startapı artırılmış reallıq eynəyində quraşdırılmış sensorlardan gələn siqnalların emalında minimal gecikməni təmin edən öz çiplərini hazırlamağa belə hazırdır. Cihazın yaradıcıları istifadəçinin real hərəkətləri ilə onun “elektron avatarının” reaksiyaları arasında yaranan gecikməni maksimum dərəcədə azaltmaq istəyirlər. Məlumata görə, ByteDance və Pico öz taxıla bilən cihazlarını hazırlayarkən Meta-nın perspektivli artırılmış reallıq eynəyini nümunə kimi götürürlər. Meta-nın bu yeni cihazı həm yüngül olması, həm də daha çox adi eynəyi xatırlatması ilə seçiləcək, yəni klassik virtual reallıq cihazından fərqlənəcək. ByteDance tərəfindən hazırlanacaq bu yeni cihazın satış tarixi və hansı ölkələrdə təqdim olunacağı barədə hələlik heç bir məlumat yoxdur.
Paylaş