Logo
    main-post-cover

    Tim Cook nəyə görə hər il yeni iPhone-nun təqdim olunduğunu açıqlayıb

    Cihazlar+
    11.10.2023
    Emil
         Brut adlı jurnalın əməkdaşları Apple CEO-su Tim Cook-dan müsahibə götürərək şirkətin siyasəti barəsində maraqlı məlumatlar əldə ediblər. Tim Cook öz müsahibəsi çərçivəsində Apple şirkətinin nəyə görə hər il yeni iPhone təqdim etdiyini açıqlayıb və bir neçə onillikdən sonra smartfonların hansı formatda olacaqlarından danışıb. Apple şirkətinin öz təqdimat tədbirlərində ekologiyaya böyük diqqət ayırdığı bəyanatlarını nəzərə alaraq Brut jurnalının əməkdaşları Tim Cook-dan istehsal edilən iPhone-ların sayında ixtisar edilməsinin məntiqli olub-olmadığını soruşublar.
         Belə ki, bu üsul ilə hər il iPhone təqdimatından azad olmaq olar. “Mən hesab edirəm ki, hər il yeni iPhone əldə etmək istəyənlər üçün bu çox möhtəşəm bir imkandır. Biz həmçinin alıcılara öz köhnə smartfonlarının trade in proqramı çərçivəsində şirkətə geri qaytarılmasını da mümkün etmişik. Geri qaytarılan smartfonlar işlək olduqları halda biz onları ikinci əl smartfonlar kimi yenidən satırıq. Geri qaytarılan smartfonlar işlək olmadıqları halda isə biz onları təkrar emal edərək lazımi materialları əldə edirik. Əldə edilmiş materiallar isə yeni iPhone-ların istehsalında istifadə edilir” - deyə Tim Cook qeyd edib.
         Daha sonra Tim Cook-a iPhone-nun 20-30 ildən sonra necə görünəcəyi sualı verilib. “Mən hesab edirəm ki, bu qədər müddətdən sonra iPhone karbon neytrallığına sahib olacaq. Təbii ki, mən düşünürəm ki, gələcəkdəki iPhone indiki iPhone-dan daha yaxşı olacaq. Lakin mən bu mövzuda öz bütün sirlərimizi açıq söyləyə bilmərəm. Sadəcə olaraq deyə bilərəm ki, ekologiya nöqteyi nəzərdən o, karbon neytrallığına sahib olacaq” - deyə Tim Cook qeyd edib.
    Paylaş