TP-Link ev üçün Tapo C825 təhlükəsizlik kamerasını təqdim etdi
“TP-Link” ev üçün hazırladığı “Tapo C825” təhlükəsizlik kamerasını təqdim edib. Kamera evi 2K keyfiyyətində göstərir, üzərindəki 4 düymlük sensor ekranla isə telefonu əlinə almadan videozəng etmək olur. “Tapo C825” noyabrın 25-də satışa çıxıb. Kameranın qiyməti 149,99 dollar (təxminən 250 manat) təşkil edir.
Fırlanan altlıq kameranı üfüqi istiqamətdə tam dövrə, yəni 360 dərəcə çevirir. Kamera şaquli istiqamətdə də 156 dərəcəyədək əyilir. Obyektivin 114,5 dərəcəlik baxış bucağı və kameranın dönmə qabiliyyəti otağın müxtəlif künclərini izləməyə kömək edir. Kamera infraqırmızı işıqla qaranlıqda da görüntü çəkir.
“Tapo C825” süni intellektlə insanları ev heyvanlarından ayırır və insanları üzlərindən fərqləndirir. Körpə ağlayanda və ya it hürəndə kamera bildiriş göndərir. Tanıma kameranın özündə baş verir, hadisələrin videoları isə tutumu 512 GB-dək olan microSD yaddaş kartında saxlanılır. Bunun üçün abunə lazım deyil. Aylıq ödənişli “Tapo Care” xidmətinə videoları internet üzərindən saxlamaq üçün bulud yaddaşı, video xülasələri və həftəlik hesabatlar daxildir.
Videozəngdə hər iki tərəf bir-birini görür və eşidir. Telefonda “Tapo” tətbiqindən kameraya zəng etmək olur. 2 “Tapo C825” kamerası arasında birbaşa zəng üçün ekranda əvvəlcədən seçilmiş əlaqə adına toxunmaq kifayətdir. Zəng zamanı istifadəçi otaqda yerini dəyişsə, kamera onu izləyib kadrda saxlayır.
Zəng olmayanda ekran rəqəmsal fotoçərçivə və ya saat kimi işləyə, hava məlumatını da göstərə bilər. “Tapo” tətbiqində kameranın otağın hansı hissələrini izləməməli olduğunu seçmək olur. Məxfilik rejimi açıldıqda kamera tavana çevrilir və otağı izləməyi tam dayandırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...