
Trump-ın holdinqi qızılı gövdəyə sahib smartfonunu anons edib
Hazırda Donald Trump-ın övladları tərəfindən idarə olunan Trump Organization holdinqi Trump və T1 ticarət nişanlarının smartfonlar, mobil aksesuarlar və telekommunikasiya sahələrində qeydiyyatı üçün müraciət etdiyini elan edib. Bununla yanaşı, Trump Mobile adlı mobil operatorun təqdim olunacağı və onun The 47 Plan adlı vahid tarif planı ilə çıxış edəcəyi bildirilib. Bu tarif ayda 47.45$ olacaq və ABŞ-ın 3 əsas operatoruna bənzər əhatə zonası təqdim edəcək. Ən əsas yenilik isə qızılı gövdəyə sahib T1 smartfonunun 499$ qiymətinə satışa çıxarılması olacaq. Nəşr olunmuş press-relizdə qeyd olunub ki, Trump Mobile, T-Mobile şəbəkəsinin infrastrukturundan istifadə edən virtual mobil operator - Liberty Mobile bazasında fəaliyyət göstərəcək. The 47 Plan tarifinə limitsiz zənglər, mesajlar və internet, həmçinin Drive America şirkətindən yol yardımı xidməti daxildir.

Əhatə dairəsi və rabitə keyfiyyəti çox güman ki, Mint Mobile, Metro, US Mobile və digər T-Mobile şəbəkəsinə bağlı virtual operatorların təkliflərinə bənzər olacaq. Bununla belə, həmin MVNO-ların limitsiz tarifləri The 47 Plan-dan daha ucuzdur. T1 smartfonuna gəldikdə isə, Trump Mobile-ın marketinq komandası onu “performans üçün hazırlanmış, zərif qızılı smartfon” kimi təqdim edir və qürurla bildirir ki, bu cihaz ABŞ-da dizayn və istehsal olunub. Smartfon artıq 100$ depozitlə ön sifarişə açıqdır və 2025-ci ilin avqust-sentyabr aylarında satışa çıxması planlaşdırılır. Cihazın ətraflı texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Məhsul səhifəsində arxa tərəfində T1 loqosu və ABŞ bayrağı olan mat qızılı smartfona aid bir render foto yerləşdirilib.

Arxa tərəfdəki üçlü kamera bloku son iPhone Pro modellərini xatırladır. Səhifədə çoxsaylı yazı səhvləri var və smartfonun çipseti ümumiyyətlə göstərilməyib. Güman olunur ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym ölçülü OLED ekranla təchiz olunacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bundan əlavə olaraq smartfonun 12 GB RAM-ı əldə edəcəyi və Android 15 əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir. "Trump Mobile mobil telefonlar və mobil zənglər sahəsində inqilab etməyə hazırlaşır" - deyə Eric Trump bəyan edib. O həmçinin əlavə edib ki, şirkətin çağrı mərkəzi Missuri ştatının Sent-Luis şəhərində yerləşəcək. Ekspertlər isə bu məsələyə daha ehtiyatla yanaşırlar, çünki Federal Rabitə Komissiyasının sədri Brendan Carr-ın, öz rəhbərinin ailəsinə məxsus olan bir şəbəkəni necə tənzimləyəcəyi tamamilə aydın deyil. Bu vəziyyət maraqların toqquşması ehtimalını ortaya qoyur.
Paylaş
Bənzər xəbərlər