Trump Mobile vədlərini yerinə yetirmir: Telefonlar hələ də çatdırılmayıb
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, ABŞ-də senator Elizabeth Warren və bir qrup demokrat konqres üzvü Federal Trade Commission-ə müraciət edərək Trump Mobile şirkətinin istehlakçıları aldatması ilə bağlı araşdırma aparılmasını tələb edib. Səbəb isə Trump Mobile-ın altı aydır əvvəlcədən sifariş edilən “T1” adlı smartfonu hələ də istifadəçilərə çatdırmaması və cihazın “Made in USA” kimi təqdim edilməsi ilə bağlı iddiaların sonradan səssizcə saytdan çıxarılmasıdır.
Şirkət telefonu əvvəlcə 2025-ci ilin avqustunda, sonra noyabrda, daha sonra dekabrda təqdim edəcəyini vəd etsə də, 2026-cı ilin yanvarına qədər heç bir cihaz çatdırılmayıb. Buna baxmayaraq, Trump Mobile hələ də 100 dollarlıq depozitlə ön sifariş qəbul edir. Senatorlar bu vəziyyəti “aldadıcı reklam” və “ədalətsiz biznes praktikası” kimi qiymətləndirir. Lakin məktubun real nəticə vermə ehtimalı zəif qiymətləndirilir. Çünki Donald Trump ikinci prezidentliyi dövründə müstəqil qurumlar üzərində nəzarəti artırdığını açıq şəkildə bəyan edib və FTC rəhbərliyi də bu mövqeyi dəstəkləyir.
Paylaş