Logo
    main-post-cover

    Trump Phone-un sirri açıldı: Telefon HTC U24 Pro ilə demək olar ki, eynidir

    Cihazlar+
    11.06.2026
    Sevinj
        Təmir və elektronika üzrə ixtisaslaşmış iFixit komandası Trump Mobile-ın T1 Phone smartfonunu sökərək onun daxili quruluşunu araşdırıb və cihazın əvvəldən irəli sürülən iddiaları təsdiqləyib. Araşdırmaya əsasən, T1 Phone texniki baxımdan HTC U24 Pro modelinin demək olar ki, tam eynisidir.
        iFixit mütəxəssisləri NBC tərəfindən təqdim olunan Trump Phone nümunəsini HTC U24 Pro ilə müqayisə edib. Telefonlar əvvəlcə kompüter tomoqrafiyası (CT) ilə skan edilib, daha sonra tam şəkildə sökülərək hissələri analiz olunub. Hətta HTC U24 Pro-nun ana platası Trump Phone korpusuna yerləşdirilərək işlək vəziyyətdə sınaqdan keçirilib və nəticədə hər iki cihazın funksional olaraq eyni platformadan istifadə etdiyi müəyyən olunub.
        Araşdırma zamanı yalnız kiçik fərqlər aşkarlanıb. Məsələn, flaşı yerləşdiyi mövqe bir qədər dəyişdirilib, dinamik barmaqlığının dizaynında kiçik yenilik edilib. Həmçinin hər iki telefonda istifadə olunan yaddaş çipləri eyni texniki xüsusiyyətlərə malik olsa da, Trump Phone-da Micron, HTC modelində isə SK Hynix istehsalı komponentlərdən istifadə olunub.
        Ən nəzərəçarpan fərq isə batareyadadır. Trump Phone daha böyük tutumlu batareya ilə təchiz edilib və bu batareya Çində deyil, Filippində istehsal olunub. Bununla belə, cihaz yalnız 30 vatt sürətli enerji doldurmanı dəstəkləyir ki, bu da HTC U24 Pro ilə müqayisədə daha aşağı göstəricidir. Hər iki modelin xarici görünüşündə də oxşarlıqlar diqqət çəkir. Eyni korpus dizaynı, qulaqlıq girişi, microSD kart yuvası və texniki göstəricilər uzun müddətdir onların eyni platforma üzərində qurulduğu ehtimalını gücləndirirdi. iFixit-in apardığı analiz isə bu şübhələri faktiki olaraq təsdiqləyib.
        Qeyd edək ki, HTC daha əvvəl üçüncü tərəflər üçün telefon dizayn etmədiyini və istehsal etmədiyini bildirsə də, şirkət U24 Pro modelinin istehsal prosesi barədə ətraflı məlumat verməyib. Ekspertlərin fikrincə, həm HTC U24 Pro, həm də Trump Phone eyni ODM (müqaviləli istehsalçı) tərəfindən hazırlanmış ola bilər.
    Paylaş