Ubisoft NFT oyunu Champions Tactics-i bağlayır
Ubisoft NFT texnologiyasına əsaslanan strategiya oyunu Champions Tactics: Grimoria Chronicles üçün dəstəyi dayandıracağını açıqlayıb. Şirkətin rəsmi Discord serverində yayımlanan məlumata görə, oyunun serverləri 30 oktyabr 2026-cı il tarixində tamamilə bağlanacaq. Oyunun az sayda, lakin aktiv istifadəçi bazası olsa da, bu qərar gözlənilməz olmayıb. Ubisoft hələ may ayında oyunun Web3 və NFT funksiyalarından imtina edəcəyini açıqlamışdı. Əvvəllər oyunçular oyundakı personajları NFT kimi blokçeyn üzərində yarada, alıb-sata və rəqəmsal valyuta ilə ticarət edə bilirdilər.
Maraqlısı isə odur ki, Champions Tactics 2024-cü ildə satışa çıxarılmışdı. Halbuki NFT bazarının ən populyar dövrü 2021-ci ildə yaşanmış, 2022-ci ildən etibarən isə bu texnologiyaya maraq kəskin şəkildə azalmışdı. Buna baxmayaraq, Ubisoft NFT konseptinə əsaslanan oyunu bazara xeyli gec təqdim etmişdi. Şirkət hazırkı oyunçuları tamamilə itirməmək üçün onları yeni layihəsi olan Might and Magic Fates oyununa yönləndirir.
Paylaş
