
Üçqat qatlana bilən Huawei Mate XTs smartfonu təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti dünyada hələ ki, yeganə üçqat qatlana bilən smartfon istehsalçısı olaraq qalır. Şirkət keçən il Huawei Mate XT smartfonunu təqdim etmişdi. İndi isə onun davamçısı olan Huawei Mate XTs təqdim olunub. Keçən ilki Mate XT kimi Mate XTs modeli də üçqat qatlanma mexanizmini əldə edib. Bu mexanizm cihazı kompakt ölçülü smartfondan böyük ekranlı planşetə çevirmək imkanını verir. Bu yeni smartfonun ekranının ölçüsü tam qapalı halda 6.4 düym, yarıqapalı halda 7.9 düym, tam açıq vəziyyətdə isə 10.2 düym təşkil edir. Ekran LTPO OLED tiplidir və 1 Hz-dən 90 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyir.

Mate XTs-in gövdə qalınlığı tam qapalı halda 12.8 mm, yarıqapalı halda 7.45 mm, tam açıq vəziyyətdə isə 4.75 mm təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik ekran stilus dəstəyinə də sahibdir. Stilus dəstəyi bu yeni modeli keçən ilki Mate XT-dən fərqləndirən özəlliklərdən biridir. Ümumilikdə isə smartfonun xarici görünüşü Mate XT ilə müqayisədə heç dəyişməyib.

Huawei Mate XTs smartfonu Kirin 9020 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 40 MP + 12 MP üçlü arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Huawei Mate XTs gələn həftə Çində satışa çıxacaq və onun qiyməti 2520$-dan start götürəcək. Böyük ehtimal ilə smartfon müəyyən müddətdən sonra üstəlik qlobal bazarda da satışa çıxacaq.
Paylaş