Valve Steam Deck LCD batareyaları ilə bağlı qərarını dəyişdi
Valve Steam Deck LCD modeli üçün rəsmi əvəzləyici batareyaların satışının dayandırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Şirkət bildirib ki, iFixit yaxın həftədən etibarən yenidən rəsmi batareyaları stoklara əlavə edəcək. Bir neçə saat əvvəl iFixit-in baş direktoru Kyle Wiens The Verge-ə açıqlamasında Valve-dən Steam Deck LCD üçün batareya və ekran istehsalının dayandırılacağı barədə məlumat aldıqlarını təsdiqləmişdi. Lakin günün ikinci yarısında Valve və iFixit yeni razılığa gəlib.
Valve sözçüsü Kaci Aitchison Boyle bildirib ki, iFixit əvvəlki kimi Valve-in tərəfdaşları vasitəsilə istehsal olunan orijinal (OEM) ehtiyat hissələrini əldə etməyə davam edəcək. Şirkətin sözlərinə görə, batareyalar gələn həftə yenidən satışda olacaq. Kyle Wiens isə qeyd edib ki, gələcəkdə Valve bu hissələrin istehsalını tam dayandırsa belə, iFixit alternativ istehsalçılar vasitəsilə Steam Deck üçün batareyalar təqdim etməyə çalışacaq. Onun sözlərinə görə, məqsəd istifadəçilərin uzun illər cihazlarını təmir edə bilməsini təmin etməkdir.
Wiens hesab edir ki, yaranan problem istehsalın dayandırılması ilə deyil, sadəcə ehtiyat hissələrinə olan tələbatın düzgün proqnozlaşdırılmaması ilə bağlı olub. Qeyd edək ki, Steam Deck LCD modelində batareyanın dəyişdirilməsi asan proses hesab edilmir. Batareya korpusa güclü yapışdırıldığı üçün onun çıxarılması xüsusi diqqət tələb edir və yanlış müdaxilə batareyanın zədələnməsinə səbəb ola bilər.
Paylaş