Verizon Fios 5 Gbps internet paketini istifadəyə verdi
Verizon ev internet xidməti olan Fios üçün yeni 5 Gbps sürətli tarif planını təqdim edib. Yeni paket şirkətin əvvəlki ən sürətli 2 Gbps planından 2,5 dəfə yüksək sürət təklif edir. Yeni tarif seçilmiş bölgələrdə aylıq 105 dollar qiymətinə əlçatandır. Digər internet provayderindən Verizon Fios-a keçən yeni müştərilər isə kampaniya çərçivəsində bu paketi 5 il ərzində aylıq 90 dollara istifadə edə biləcəklər.
Şirkətin bildirdiyinə görə, 5 Gbps sürət saniyədə təxminən 625 MB məlumat ötürməyə imkan verir. Bu sürətlə 100 GB həcmində oyun yeniləməsini təxminən 2,7 dəqiqəyə yükləmək mümkündür. Verizon hesab edir ki, bu tarif eyni anda VR cihazları, ağıllı ev sistemləri, təhlükəsizlik kameraları və videokonfranslardan istifadə olunan çoxsaylı cihazlı evlər üçün nəzərdə tutulub.
Qiymət baxımından yeni paket bazardakı bəzi rəqiblərdən daha sərfəlidir. Məsələn, Google Fiber-in 8 Gbps sürətli paketi aylıq 150 dollar, AT&T-nin 5 Gbps paketi isə aylıq 135 dollar təşkil edir. ABŞ-da ən yüksək sürətli kommersiya internet xidməti isə Ziply Fiber tərəfindən təqdim olunan 50 Gbps paketidir və onun aylıq qiyməti 900 dollardır.
Paylaş