Vivo X300 Ultra təqdim edildi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Vivo şirkəti Çində yeni flaqman smartfonu olan X300 Ultra modelini rəsmi olaraq təqdim edib. Şirkət bu modeli xüsusilə peşəkar foto və video çəkiliş üçün hazırlandığını bildirir və cihaz kamera imkanları ilə ön plana çıxır.
Smartfon ZEISS ilə birgə hazırlanmış “3+2 ZEISS Master Lenses Collection” kamera sistemi ilə təchiz olunub. Bu sistemə 14 mm ultra-geniş bucaqlı kamera (Sony LYTIA 818 sensoru), 35 mm “Documentary Camera” (Sony LYTIA 901 sensoru) və 85 mm fokus məsafəsinə malik 200 MP Samsung HP0 sensorlu telefoto kamera daxildir. Bütün fokus məsafələrində optik stabilizasiya (OIS) dəstəyi mövcuddur ki, bu da xüsusilə video və uzaq məsafədən çəkiliş zamanı titrəməni minimuma endirir. Video çəkiliş tərəfdə isə cihaz Multi-Focal 4K 120 fps 10-bit Log video yazılışını dəstəkləyir və peşəkar video post-production üçün istifadə olunan ACES workflow ilə uyğun işləyə bilir. Səs yazısı üçün smartfonda dörd mikrofon yerləşdirilib və simsiz mikrofon dəstəyi də mövcuddur.
Texniki göstəricilərə gəldikdə, Vivo X300 Ultra Snapdragon 8 Elite Gen 5 prosessoru, 6600 mAh batareya, 12–16 GB RAM və 256 GB-dan 1 TB-a qədər yaddaş seçimləri ilə təqdim olunur. Model qara, gümüşü və yaşıl rəng variantlarında satışa çıxacaq. Smartfon hazırda Çində təqdim olunub, lakin Vivo bu modelin 2026-cı il ərzində qlobal bazara da çıxacağını açıqlayıb. Qiymət barədə isə hələlik rəsmi məlumat verilməyib.
Paylaş