Logo
    main-post-cover

    WeTransfer-dən narazı qalan Nalden yeni fayl ötürmə xidməti ilə geri döndü

    Cihazlar+
    29.12.2025
    Sevinc
        Nalden 2009-cu ildə WeTransfer platformasını Rinke Visser və Bas Beerens ilə birlikdə quran şəxslərdən biridir. Lakin WeTransfer-in ötən il İtaliyanın texnologiya şirkəti Bending Spoons tərəfindən satın alınmasından sonra şirkətin inkişaf istiqaməti onu ciddi şəkildə narazı salıb.
        Nalden TechCrunch-a verdiyi açıqlamada bildirib ki, Bending Spoons-un yanaşması istifadəçi mərkəzli deyil və onun fikrincə, son illərdə edilən bir çox yeniləmə WeTransfer məhsulunu “öldürməyə” başlayıb. Xüsusilə də link təcrübəsində edilən qarışıq dəyişikliklər və işçilərin təxminən 75 faizinin ixtisara salınması bu narazılığı daha da artırıb. Bundan əlavə, 2025-ci ildə WeTransfer-in istifadəçi fayllarından süni intellekt modellərinin təlimində istifadə ilə bağlı qalmaqalı və sonradan şərtləri geri çəkməsi etimad böhranı yaradıb.
        Bu proseslər fonunda bir çox dizayner və kreativ istifadəçi Nalden-ə müraciət edərək WeTransfer-dən narazılıqlarını bölüşüb. Məhz bundan sonra o, xidmətin ilkin fəlsəfəsinə, sadəlik və sürətli istifadə təcrübəsinə əsaslanan yeni bir alternativ yaratmaq qərarına gəlib. Yeni platformanın adı Boomerang-dır. Boomerang istifadəçilərə qeydiyyatsız fayl göndərmək imkanı yaradır. Nalden-in sözlərinə görə, əsas ideya texnologiyanı lazımsız dərəcədə mürəkkəbləşdirməməkdir: “Niyə texnoloji şirkətlər hər şeyi bu qədər çətinləşdirir? Mən sadəcə vaxt qazandıran, sürətli və rahat bir alət yaratmaq istədim”.
        Qeydiyyatsız istifadəçilər üçün 1 GB ümumi yaddaş, maksimum 1 GB-lıq fayl göndərişi və 7 günlük bitmə müddəti mövcuddur. Pulsuz hesab yaradan istifadəçilər isə 3 GB ümumi yaddaş, hər fayl üçün 3 GB limit, yükləmə tarixçəsi, faylları istənilən vaxt silmək və göndəriş səhifəsində emoji fərdiləşdirməsi kimi imkanlar əldə edirlər. Daha geniş funksiyalar istəyənlər üçün aylıq 6,99 avro dəyərində ödənişli paket təklif olunur. Bu paketə 500 GB ümumi yaddaş, hər “space” üçün 200 GB, 5 GB fayl limiti, fayllar üçün parol qorunması, 90 günə qədər bitmə müddəti, fərdi örtüklər və məhdudiyyətsiz istifadəçi dəvəti daxildir.
    Paylaş
    Bənzər xəbərlər