WhatsApp CarPlay üçün tam yenilənmiş interfeys təqdim etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, WhatsApp tətbiqi Apple CarPlay üçün daha inkişaf etmiş və “native” interfeysə malik yeni versiyasını istifadəyə verib. Bu yeniləmə ilə istifadəçilər artıq avtomobilin "infotainment" ekranında kontaktlara, çatlara və zəng tarixçəsinə birbaşa baxa biləcəklər.
Əvvəlki versiyada WhatsApp əsasən səsli idarəetmə ilə, yəni Siri vasitəsilə işləyirdi. İstifadəçilər mesaj yazmaq və ya zəng etmək üçün yalnız səsli komandalar verməli idilər. Yeni versiyada isə tətbiq tam funksional interfeys qazanıb və bu, istifadə rahatlığını xeyli artırır.
Yenilənmiş interfeysdə istifadəçilər kontakt siyahısını, favorit şəxsləri, son çatları və zəng tarixçəsini rahat şəkildə görə bilirlər. Bundan əlavə, tətbiq daxilində mesaj göndərmək üçün diktə funksiyası və ya birbaşa zəng etmək üçün xüsusi qısa düymələr də əlavə olunub. Bu isə sürücülərin səsli komanda vermədən də funksiyalardan istifadə etməsinə imkan yaradır.
Meta tərəfindən təqdim olunan bu yenilik əvvəlcə beta mərhələsində test edilirdi və artıq rəsmi olaraq istifadəçilərə təqdim olunub. Yeniləmədən istifadə etmək üçün iOS-da WhatsApp tətbiqini son versiyaya yeniləmək və avtomobili CarPlay ilə qoşmaq kifayətdir.
Paylaş