main-post-cover

    Xiaomi 12-nin ilk real fotoları ortaya çıxıb

    Cihazlar+
    01.11.2021
    Farid Pardashunas
        İlin sonunda Xiaomi 12 flaqman smartfonunun təqdimatı gözlənilir. Sözügedən smartfon Snapdragon 898 prosessoru ilə təchiz olunacaq ilk smartfon olacaq. İndi isə Xiaomi 12-nin real fotoları ortaya çıxıb. Smartfonun real fotoları ilk növbədə Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıb. Daha sonra isə məşhur hindistanlı insayder Mukul Sharma həmin fotoların həqiqəti əks etdirdiklərini təsdiq edib. Beləliklə ortaya çıxmış fotolarda Xiaomi 12 smartfonu xüsusi qoruyucu keysin daxilində yerləşdirilib. Lakin buna baxmayaraq smartfonun xarici görünüşünü qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, fotolarda smartfonun ön hissəsi əks olunub.
        Fotolara əsasən demək olar ki, ekran sahəsinin ön panelə nisbəti aktual olan Xiaomi smartfonlarından daha böyük olacaq. Bundan əlavə olaraq fotolardan görmək olar ki, ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntının ölçüsü də bir qədər kiçiləcək. Həmin çıxıntı ekranın yuxarı mərkəz hissəsində yerləşəcək. Qoruyucu keys smartfon kənarlarını gizlətsə də, görmək olar ki, smartfonun kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Son məlumatlara əsasən Xiaomi 12 smartfonu Snapdragon 898 prosessoru ilə yanaşı həmçinin 12 GB RAM və 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi də gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər