main-post-cover

    Xiaomi 12T və 12T Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    04.10.2022
    Emil Nəcəfov
        Xiaomi şirkəti yeni flaqman smartfon seriyasını təqdim edib. Söhbət, Xiaomi 12T seriyasından gedir. Təqdim edilmiş yeni flaqman smartfon seriyasına adi Xiaomi 12T ilə yanaşı həmçinin Xiaomi 12T Pro modeli də daxil olub. Hər iki smartfon xarici görünüşcə eynidir və öz aralarında prosessor və əsas arxa kamera ilə fərqlənirlər. Xiaomi 12T Pro smartfonu isə ümumiyyətlə Xiaomi-nin 200 MP-lik əsas arxa kamera ilə təchiz olunan ilk smartfonudur. İlk öncə Xiaomi 12T Pro modelindən başlayaq. Sözügedən model 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Hər iki smartfonda ekran Dolby Vision texnologiyasını dəstəkləyir. Bundan əlavə olaraq Xiaomi 12T Pro modeli özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 200 MP (f/1.69 diafraqma, 85 dərəcə bucaq əhatəsi optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma, 81.6 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 20 MP-lik (f/2.24 diafraqma, 78 dərəcə bucaq əhatəsi) ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Adi Xiaomi 12T-nin Pro-dan əsas fərqi ondadır ki, o, MediaTek Dimensity 8100 Ultra 5G prosessoru və 200 MP əvəzinə 108 MP-lik əsas arxa kamera ilə təchiz olunub. Digər bütün göstəricilər baxımından adi Xiaomi 12T modeli Pro-nun eynisidir. Hər iki smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Xiaomi sözügedən smartfonlarda 3 Android versiyasının istifadəyə veriləcəyini və 4 il ərzində onlar üçün təhlükəsizlik yenilənmələrinin təqdim ediləcəyini söz verib. Smartfonlar yaxın günlərdə Avropa bazarında satışa çıxacaqlar. Adi Xiaomi 12T-nin qiyməti 599 avrodan, Xiaomi 12T Pro-nun qiyməti isə 749 avrodan start götürəcək.
    Linki kopyala