
Xiaomi 17, 17 Pro və 17 Pro Max təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində Xiaomi 17 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya 3 model daxil olub: Xiaomi 17, 17 Pro və 17 Pro Max. İlk öncə adi Xiaomi 17 modelinə nəzər yetirək. Bu model kompakt ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi 17 smartfonu 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 2656x1220 piksel keyfiyyətli 6.3 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3500 nit təşkil edir. Ekran üstəlik Xiaomi Dragon Crystal Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Smartfon Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi 17 özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və əlavə olaraq 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Xiaomi 17 artıq Çində satışa çıxıb və onun qiyməti 630$-dan start götürür. İndi isə Xiaomi 17 Pro və 17 Pro Max modellərinə nəzər yetirək.

Bu modellər adi Xiaomi 17-dən həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından fərqlənirlər. Dizayn mövzusunda əsas fərqlilik ondan ibarətdir ki, Xiaomi 17 Pro modellərində arxa paneldə köməkçi ekran yerləşir. Bu köməkçi ekran bildirişlərin və müxtəlif vidjetlərin əks olunması, o cümlədən selfi çəkilişləri üçün istifadə oluna bilər. Beləliklə Xiaomi 17 Pro modeli 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 2656x1220 piksel keyfiyyətli 6.3 düym ölçülü LTPO OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 904x672 piksel keyfiyyətli 2.7 düym ölçülü köməkçi LTPO OLED ekranla təchiz olunub.

Xiaomi 17 Pro Max modelinə gəldikdə isə o, 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2608x1200 piksel keyfiyyətli 6.9 düym ölçülü LTPO OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 976x596 piksel keyfiyyətli 2.9 düym ölçülü köməkçi LTPO OLED ekranla təchiz olunub. Hər iki modeldə həm əsas həm də köməkçi ekranın maksimal parlaqlıq səviyyəsi 3500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfonlarda gövdə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Hər iki smartfon Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM-ı əldə edib.

Xiaomi 17 Pro modeli 256/512 GB/1 TB daxili yaddaş həcminə, Xiaomi 17 Pro Max modeli isə 512 GB/1 TB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda hər iki smartfon özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Xiaomi 17 Pro modeli 6300 mAh enerji tutumlu batareya, Xiaomi 17 Pro Max modeli isə 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 100 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Bu iki model artıq Çində satışa çıxıb. Xiaomi 17 Pro-nun qiyməti 700$-dan, Xiaomi 17 Pro Max-ın qiyməti isə 841$-dan start götürür. Yaxın aylar ərzində Xiaomi 17 seriyası həmçinin qlobal bazarda da təqdim olunmalıdır.
Paylaş