
Xiaomi 17 Pro və 17 Pro Max qlobal bazarda satışa çıxmaya bilər
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Yaxın müddətdə isə Xiaomi 17-nin qlobal bazarda satışa çıxacağı gözlənilir. Lakin internetdə sözügedən smartfon seriyasının qlobal versiyası ilə bağlı heç də ürəkaçan olmayan bir məlumat ortaya çıxıb. Belə ki, ortaya çıxmış məlumata əsasən bu seriyanın Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max modelləri qlobal bazarda satışa çıxmayacaqlar.

Onlar eksklüziv olaraq Çin bazarında qalacaqlar. Məlumatda qeyd edilib ki, həm ABŞ həm də Avropa bazarında yalnız adi Xiaomi 17 modeli satışa çıxacaq. Bununla belə Xiaomi 17-nin qlobal versiyasının bir qədər fərqlənəcəyi gözlənilir. Belə ki, internetdə çıxmış məlumata inansaq, Xiaomi 17-nin qlobal versiyası 6300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Çində satılan versiya özündə 7000 mAh enerji tutumlu batareyanı birləşdirir. Qeyd etmək lazımdır ki, bu məlumatlar rəsmi deyil və onlara bir qədər şübhə ilə yanaşmaq lazımdır.
Paylaş