Xiaomi 17 Ultra by Leica təqdim olundu - QİYMƏTİ
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Xiaomi yeni flaqman smartfonu 17 Ultra modelini təqdim edib. Xüsusilə Leica Edition versiyası mobil fotoqrafiya sahəsində fərqli yanaşması ilə diqqət çəkir. Bu modelin ən maraqlı yeniliyi kameraya inteqrasiya edilmiş mexaniki manual zoom halqasıdır. Halqanı fırlatmaqla kamera avtomatik aktivləşir və istifadəçi ekrana toxunmadan zoom, fokus və ekspozisiya kimi parametrləri idarə edə bilir.
Texniki baxımdan Xiaomi 17 Ultra əsl “spec monster” hesab olunur. Smartfon 1 düymlük 50 MP əsas kamera (f/1.67) və 1/1.4 düymlük 200 MP periskop telefoto kamera ilə təchiz edilib. Bunlara əlavə olaraq 50 MP ultra-geniş bucaq və 50 MP ön kamera da mövcuddur. Kamera sistemi peşəkar fotoaparatlara yaxın nəticələr vəd edir. Həm standart, həm də Leica Edition modelləri Snapdragon 8 Elite Gen 5 prosessoru, 16 GB-a qədər LPDDR5X RAM və 1 TB-a qədər UFS 4.1 yaddaşla gəlir. 6.9 düymlük 120 Hz AMOLED ekran 3.500 nit pik parlaqlığa qədər yüksələ bilir. Enerji tərəfdən isə 6.800 mAh silikon-karbon batareya, 90 W kabel ilə və 50 W simsiz sürətli şarjı dəstəkləyir.
Leica Edition modelini digərlərindən fərqləndirən dizayn və proqram detallarına iki rəngli arxa panel, ön hissədə qırmızı Leica loqosu, teksturalı kənarlar və Leica Monopan 50 kimi xüsusi film simulyasiyaları daxildir. Bundan başqa, “Leica Moments” adlı 3:2 formatı, xüsusi şifrələmə çipi və ikili peyk bağlantısı da bu versiyaya məxsusdur. Qutudan isə obyektiv qapağı, boyun üçün ip, maqnitli keyslər və Leica brendli təmizləmə parçası çıxır.
Qiymət məsələsində isə Xiaomi güzəştə getmir. Xiaomi 17 Ultra by Leica modeli Çində 7.999 yuan (təxminən 1.140 dollar), standart 17 Ultra isə 6.999 yuan (təxminən 995 dollar) başlanğıc qiyməti ilə satışa çıxarılıb. Bu qiymətlər onu Pixel və Galaxy flaqmanları ilə eyni səviyyəyə gətirir.
Paylaş