main-post-cover

    Xiaomi şirkəti Mi 10T, Mi 10T Pro və Mi 10T Lite smartfonlarını təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    30.09.2020
    Emil Nəcəfov
        Baş tutmuş online təqdimat çərçivəsində Xiaomi şirkəti yeni Mi 10T smartfon seriyasını təqdim edib. Şirkət yeni smartfon seriyasında əsas diqqəti texniki özəlliklərə, kameralara və ekranlara ayırıb. Yeni seriyaya Mi 10T Mi 10T Pro smartfonları daxil olublar. Hər iki smartfon həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından eynidir. Sadəcə olaraq Mi 10T modeli Pro modeldən əsas kamera göstəricisi ilə fərqlənir. Qalan hər bir özəllik eynidir. Belliklə smartfonlar 144 Hz-lik təsvir yenilənməsinə sahib 2440x1080 piksel keyfiyyətli 6.67 düym IPS ekran ilə təchiz olunublar.
        Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Hər iki smartfonun ekranı əks olunan kontentin tərzini təyin edərək optimal təsvir yenilənməsini təqdim edir. Əsas texniki göstəricilərə gəldikdə isə hər iki smartfon 5G dəstəkli Snapdragon 865 prosessoru, 6/8 GB RAM (Mi 10T Pro-da yalnız 8 GB), 128/256 GB daxili yaddaş həcmi (256 GB yalnız Mi 10T Pro-da), 64 MP + 13 MP + 5 MP (Mi 10T Pro-da 108 MP + 13 MP + 5 MP) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonlar həmçinin IP68 standartı üzrə sudan və tozdan qorunurlar və MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vssitəsilə çalışırlar. Smartfonlarda naqilsiz şarj texnologiyasının dəstəyi yoxdur. 6 GB RAM-a sahib Mi 10T modeli 499 avroya, 8 GB RAM-a sahib Mi 10T 549 avroya satılacaq. Mi 10T Pro-ya gəldikdə isə 128 GB daxili yaddaşa sahib model 599 avroya, 256 GB daxili yaddaşa sahib model isə 649 avroya satılacaq. Smartfonlar yaxın zamanda Avropa bazarında satışa çıxacaqlar
        Mi 10T və Mi 10T Pro smartfonları ilə birlikdə Xiaomi şirkəti həmçinin onların daha sadələşdirilmiş versiyası olan Mi 10T Lite modelini də təqdim edib. Mi 10T Lite modeli digərlərindən daha fərqli dizayn və orta səviyyəli texniki özəlliklər ilə fərqlənir. Mi 10T Lite modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Bununla yanaşı bu modelin ekranı 120 Hz-lik təsvir yenilənməsini də dəstəkləyir. Ekranın yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 5G dəstəkli Snapdragon 750G prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, Mi 10T Lite modeli həmçinin NFC modula sahibdir. Beləliklə 64 GB daxili yaddaşa sahib model 279 avroya, 128 GB daxili yaddaşa sahib model isə 329 avroya satılacaq.
    Linki kopyala