
Xiaomi Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi 14 və Xiaomi 14 Ultra smartfonlarının qlobal versiyaları ilə yanaşı həmçinin Xiaomi Watch 2 smart saatını da təqdim edib. Qeyd etmək lazımdır ki, şirkət bu smart saatın Pro versiyasını keçən ilin sentyabr ayında təqdim etmişdi. Texniki özəlliklər baxımından adi Xiaomi Watch 2 modeli Xiaomi Watch 2 Pro-ya bənzəsə də xarici görünüşcə ondan fərqlənir. Məsələn adi Xiaomi Watch 2 modelində Xiaomi Watch 2 Pro-dakı kimi fırlana bilən gövdə başlığı yoxdur. Xiaomi Watch 2-də idarəetmədən iki fiziki düymə cavabdehdir. Smart saat 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunub və Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışır. Smart saatın gövdəsi alüminiumdan hazırlanıb və 5ATM standartı üzrə sudan qorunur.
Xiaomi Watch 2 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə, yuxu və stress səviyyəsini monitorinq edə və qadınlarda menstrual dövrə nəzarət edə bilir. Bundan əlavə olaraq smart saat özündə 160-dan çox idman rejimini və GPS dəstəyini birləşdirir. Digər özəlliklərə gəldikdə isə Xiaomi Watch 2 smart saatı 2 GB RAM, 32 GB daxili yaddaş həcmi, mikrofon, telefon danışıqları üçün səsgücləndirici və 495 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi-nin sözlərinə əsasən smart saat bir dəfə şarj olunandan sonra 65 saat ərzində çalışa bilir. Xiaomi Watch 2 Google şirkətinin WearOS əməliyyat sistemi vasitəsilə çalışır. Smart saat artıq 22 avro qiymətində satışa çıxıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar