Yeni Gemini modeli Google I/O 2026-da təqdim oluna bilər
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google-un illik ən böyük tədbirlərindən biri olan Google I/O 2026 mayın 19-da start götürəcək. Şirkətin son illərdəki strategiyasına baxdıqda isə builki tədbirin də əsas mövzusunun süni intellekt olacağı artıq indidən aydındır. İki gün davam edəcək tədbirdə Gemini süni intellekti, Android ekosistemi, Chrome, XR texnologiyaları və yeni AI alətləri ilə bağlı bir sıra yeniliklərin təqdim olunacağı gözlənilir.
Ötən il keçirilmiş Google I/O 2025 tədbirində Gemini platforması əsas diqqət mərkəzində idi. Google həmin tədbirdə Gemini model yenilənmələrini, Workspace inteqrasiyalarını və Search, Shopping kimi xidmətlərə əlavə edilən AI funksiyalarını nümayiş etdirmişdi. Eyni zamanda şirkət Android XR platformasını da təqdim etmiş, Samsung və Qualcomm ilə hazırladığı XR headset və ağıllı eynəklərini göstərmişdi.
Bu il isə ən böyük gözləntilərdən biri Gemini modelinin yeni versiyasıdır. Məlumatlara əsasən Google tədbirdə Gemini 4.0 və ya ona yaxın yeni nəsil AI modelini təqdim edə bilər. Hazırda Gemini şirkətin demək olar ki, bütün məhsullarına inteqrasiya olunduğu üçün yeni model Google-un gələcək məhsul strategiyasında əsas rol oynayacaq.
Bununla yanaşı Google-un Nano Banana, Gemma, Lyria, Genie və Veo kimi digər AI layihələri ilə bağlı da yeniliklər təqdim edə biləcəyi iddia olunur. Xüsusilə Veo video generasiya modelinin yeni versiyası təqdim olunarsa, onun YouTube platformasına inteqrasiyası diqqətçəkən yeniliklərdən biri ola bilər.
Sızdırılmış məlumatlara görə Gemini Live səsli assistenti də ciddi yenilənmə əldə edə bilər. Bildirilir ki, Google App daxilində test edilən yeni Gemini Live modelləri aşkarlanıb. “Capybara” və “Nitrogen” kimi daxili kod adlarına sahib bu modellər yaddaş, lokasiya məlumatları və fakt yoxlama imkanları baxımından bir-birindən fərqlənir. Hətta modellərdən biri özünü “Gemini 3.1 Pro” kimi təqdim edib.
Video yaradılması və montajı sahəsində də yeniliklər gözlənilir. “Gemini Omni” adlı yeni video generasiya modelinin test edildiyi bildirilir. Bu sistem istifadəçilərə videoları AI vasitəsilə remix etməyə, çat daxilində montaj etməyə və hazır şablonlarla kontent yaratmağa imkan verə bilər. İlk testlərdə modelin yüksək performans göstərdiyi qeyd olunsa da, onun böyük hesablama gücü tələb etdiyi bildirilir.
Google tədbirdə yeni əməliyyat sistemi ilə bağlı da danışa bilər. “Aluminium OS” adlandırılan layihənin Android və ChromeOS platformalarını müəyyən səviyyədə yaxınlaşdıracağı gözlənilir. Şirkət daha əvvəl bu sistemin 2026-cı ildə istifadəyə veriləcəyini təsdiqləmişdi. Bununla belə Google ChromeOS-un ləğv edilməyəcəyini, hər iki platformanın paralel inkişaf etdiriləcəyini vurğulayıb.
Google I/O 2026-nın ən maraqlı təqdimatlarından biri isə Android XR ağıllı eynəkləri ola bilər. Google artıq bu məhsulların 2026-cı ildə satışa çıxacağını təsdiqləyib. Şirkət iki fərqli model üzərində çalışır. Birinci modeldə ekran olmayacaq və istifadəçilər Gemini ilə səs vasitəsilə əlaqə qura biləcəklər. İkinci model isə linza daxilində gizli ekran təqdim edəcək və istifadəçiyə naviqasiya, tərcümə və digər məlumatları birbaşa görüntüləməyə imkan verəcək.
Google-un builki tədbirdə AI və XR texnologiyalarına daha da böyük fokuslanacağı gözlənilir.
Paylaş