Yeni Motorola Razr Fold həm batareya, həm də kamera performansı ilə diqqət çəkir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Motorola uzun illərdən sonra ilk kitab formatlı qatlana bilən smartfonu olan Motorola Razr Fold modeli ilə bazarda daha iddialı mövqe tutmağa çalışır. İndiyə qədər ABŞ bazarında bu seqmentdə əsas seçimlər əsasən Samsung və Google cihazları idi. Yeni Razr Fold modeli böyük ekranı, güclü batareyası və stylus dəstəyi ilə diqqət çəkməyi bacarıb.
Yeni model 6.6 düymlük xarici ekran və açıldıqda 8.1 düymlük daxili ekranla təchiz olunub. Motorola cihazın dizaynında daha yumru kənarlardan və xüsusi teksturalı arxa paneldən istifadə edib. Smartfonda həmçinin süni intellekt funksiyalarını aktivləşdirmək üçün ayrıca düymə yerləşdirilib. Razr Fold-un ən güclü tərəflərindən biri ekranları hesab olunur. Şirkət həm daxili, həm də xarici paneldə 6000 nitdən yüksək pik parlaqlıq təqdim edir. Ekrandakı qat izi isə istifadə zamanı çox nəzərə çarpmır. Bundan əlavə, cihaz stylus dəstəyinə sahibdir. Bu xüsusiyyət daha əvvəl bəzi qatlana bilən Samsung modellərində mövcud idi. Stylus ayrıca satılır və cihazın daxilində onun üçün xüsusi yer yoxdur.
Performans tərəfdən cihaz Qualcomm Snapdragon 8 Gen 5 prosessoru ilə çalışır. Smartfon 1 TB-a qədər yaddaş və 16 GB RAM variantı ilə təqdim olunur. Motorola interfeysdə çoxlu pəncərə və split-screen funksiyalarını da optimallaşdırıb ki, bu da böyük ekranlı cihazlarda multitasking təcrübəsini yaxşılaşdırır. Kamera hissəsində Razr Fold 50 MP əsas sensor, 50 MP ultra geniş bucaqlı kamera və 3 qat optik zoom təqdim edən 50 MP telefoto kamera ilə gəlir. Testlər zamanı cihazın şəkillərinin xüsusilə Samsung Galaxy Z Fold 7 ilə müqayisədə daha detallı və daha canlı rənglər təqdim etdiyi qeyd olunub. Gecə çəkilişlərində isə üstünlüyün bir qədər Google Pixel 10 Pro Fold tərəfində olduğu bildirilir.
Motorola yeni silikon-karbon batareya texnologiyasından istifadə edərək cihazda 6000 mAh həcmində batareya yerləşdirib. Şirkətin məlumatına görə smartfon bir tam gündən artıq istifadə müddəti təqdim edir. Bundan əlavə cihaz 80W simli və 50W simsiz sürətli enerji doldurma dəstəyinə malikdir. Qiymətə gəldikdə isə Motorola Razr Fold modeli 1900 dollardan başlayır. Bununla da cihaz Samsung Galaxy Z Fold 7-dən bir qədər daha əlçatan alternativ kimi təqdim olunur.
Paylaş