Zirzəmidə 12 RTX 3070 qrafik kartı olan 2 mayninq qurğusu tapılıb
“Reddit” istifadəçisi zirzəmidə illərlə istifadəsiz qalan 2 kriptovalyuta mayninq qurğusu tapıb. Rəqəmsal valyuta hasil etmək üçün işlədilən qurğularda “Zotac”ın istehsal etdiyi 12 “Nvidia RTX 3070” qrafik kartı olub. Ehtimala görə, sistemlər COVID dövründəki mayninq bumu zamanı işlədilib və “Ethereum” mayninqi gəlirsiz olduqdan sonra zirzəmidə saxlanılıb. Fotolarda hissələrin uzun müddət istifadəsiz qalmasına baxmayaraq ciddi zədə görünmür.
Qurğularda qrafik kartlarından başqa “MSI MPG Z390 Gaming Plus” ana platası və 1000 Vt gücündə “Rosewill” enerji bloku var. Enerji bloku səmərəlilik üzrə “Gold” sertifikatlıdır. Sistemə hər biri 4 GB olan 2 DDR4 RAM modulu qoşulub. Faylların saxlanması üçün də hər biri 120 GB tutumlu 2 SSD qoyulub. Yəni tapıntıda işlək kompüter yığmaq üçün lazım olan başqa hissələr də var.
Yaxından baxış zamanı qrafik kartlarının əksəriyyətində az miqdarda silikon sızması aşkarlanıb. Bu, termal yastıqların zamanla parçalanıb yağ buraxması nəticəsində yaranır və köhnə kartlarda rast gəlinən haldır. Kartları izopropil spirtlə təmizləmək, termal yastıqları və termal pastanı dəyişmək lazım gələ bilər. Buna baxmayaraq, avadanlığı bərpa edib yenidən işlətmək olar.
“RTX 3070” 2020-ci ildə “Ampere” arxitekturası əsasında hazırlanmış güclü orta səviyyəli qrafik kartı kimi satışa çıxmışdı. Modeldə 5888 CUDA nüvəsi və 8 GB GDDR6 videoyaddaş var. Kart 1440p görüntü ölçüsündə oyunlarda güclü nəticə göstərdiyi üçün öz nəslinin populyar modellərindən birinə çevrilmişdi. Yüksək sürəti və enerjiyə qənaəti onu kriptovalyuta mayninqi üçün də cəlbedici etmişdi.
Mayninqdə işlədilmiş kartlar oyun üçün mütləq yararsız olmur. Belə qurğularda elektrik xərcini və temperaturu azaltmaq üçün qrafik kartları çox vaxt aşağı gərginlikdə və gücdə işlədilir. Bu rejim adi oyun istifadəsi ilə müqayisədə çipə düşən yükü azalda bilər. Ancaq zirzəmidən tapılan kartların real vəziyyəti yalnız ayrı-ayrılıqda yoxlandıqdan sonra bilinəcək.
İstifadəçi indi 12 “RTX 3070” kartını ayrıca sınaqdan keçirib neçəsinin işlədiyini müəyyənləşdirəcək. Kartların əksəriyyəti problemsiz işləsə, onların 10 və ya 11-ni satmağı, azı 1-ni isə özündə saxlamağı planlaşdırır. Hər kartda 8 GB yaddaş olduğuna görə tapıntının ümumi VRAM həcmi 96 GB təşkil edir. Yeni qrafik kartlarının bahalaşdığı indiki dövrdə bu qədər videoyaddaş xeyli dəyərli sayılır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...