16 milyard dollarlıq investisiyadan sonra Waymo yeni şəhərlərə açılır
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Waymo öz sürücüsüz taksi xidmətini genişləndirmək istiqamətində növbəti addımı atıb. Şirkət artıq ABŞ-nin Çikaqo (İllinoys) və Şarlotta (Şimali Karolina) şəhərlərində test sürüşlərinə başlayıb.
TechCrunch-ın yaydığı məlumata görə, yerli sakinlər bu şəhərlərdə Waymo avtomobillərini görüblər və bu da şirkətin test mərhələsinə start verdiyini təsdiqləyir. Waymo yeni şəhərlərə daxil olarkən ilkin mərhələdə avtomobilləri insan sürücülərlə birlikdə yollara çıxarır. Bu mərhələdə əsas məqsəd şəhərin yol infrastrukturu, nəqliyyat sıxlığı, yol hərəkəti qaydaları və mümkün “kənar hallar” (edge cases) barədə məlumat toplamaqdır. Toplanan məlumatlar əsasında xəritələmə və sistem optimizasiyası aparılır.
Bir neçə ay davam edən testlərdən sonra şirkət sürücüsüz versiyanı sınaqdan keçirir. Əgər nəticələr uğurlu olarsa, növbəti mərhələdə şəhərdə tam funksional Waymo xidməti istifadəyə verilir və istifadəçilər mobil tətbiq vasitəsilə sürücüsüz avtomobil çağıra bilirlər. Bu ayın əvvəlində Waymo Tennessi ştatının Neşvil şəhərində ilkin test mərhələsini tamamlayıb və artıq burada sürücüsüz taksilər fəaliyyət göstərir. Bundan əlavə, şirkət London, Vaşinqton (DC) və Denver şəhərlərində də test prosesini davam etdirir.
Hazırda Waymo-nun tam sürücüsüz xidməti Los-Anceles, San-Fransisko Körfəz Bölgəsi və Finiks şəhərlərində aktivdir. Austin və Atlanta şəhərlərində isə istifadəçilər Waymo avtomobilini Uber əməkdaşlığı çərçivəsində sifariş edə bilirlər. Şirkət həmçinin Orlando, Hyuston, Dallas və San-Antonioda da mərhələli şəkildə genişlənmə aparır.
Paylaş