ABŞ 2 şirkət üçün sürücüsüz yük maşınlarında üçbucaq qaydasını yumşaltdı
ABŞ yollarında sürücüsüz yük maşınlarının kommersiya məqsədilə işləməsi qarşısındakı əsas maneələrdən biri aradan qalxıb. “Aurora Innovation” və “Kodiak AI” bu həftə federal qurumdan 5 illik güzəşt alıb. Qərara görə, sürücüsüz yük maşınları yol kənarına qoyulan xəbərdarlıq nişanlarının əvəzinə kabinədəki parlaq mayaklardan istifadə edə biləcək.
Federal qaydalara əsasən, adi yük maşını xarab olduqda sürücü onu yolun kənarında saxlamalı və qəza işıqlarını yandırmalıdır. Digər sürücüləri xəbərdar etmək üçün 10 dəqiqə ərzində yola işığı əks etdirən üçbucaqlar da qoyulmalıdır. Sürücüsüz yük maşınında bunu edəcək şəxs olmadığından həmin tələb avtonom daşımaların genişlənməsinə mane olurdu.
“Aurora Innovation” əvvəlcə bu tələbdən azad olunmaq üçün federal təhlükəsizlik qurumunu məhkəməyə vermişdi. İlkin müraciət rədd ediləndən sonra şirkət Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsinə üz tutmuşdu. Qərar çıxana qədər şirkətlər müvəqqəti icazə ilə işləyirdi. İndi Federal Avtomobil Daşıyıcılarının Təhlükəsizliyi İdarəsi 5 il müddətinə güzəşt verib.
“Kodiak AI” şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti Daniel Goff qərarın ABŞ yollarında avtonom yükdaşımaları sürətləndirəcəyini düşünür. Onun sözlərinə görə, bu yanaşma həm insan həyatını qoruya, həm də malların çatdırılmasını daha səmərəli edə bilər. Gerardo Interiano da deyib ki, kabinədəki mayaklar digər yol iştirakçılarını dərhal xəbərdar edir. Beləliklə, insanın xəbərdarlıq nişanları qoymaq üçün təhlükəli şəraitdə yola çıxmasına ehtiyac qalmır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...