
ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb
ABŞ-da təxminən 2 il əvvəl oğurlanmış Lamborghini Huracan geri qaytarılıb. Kaliforniyaya məxsus avtomobil Denverdə süni intellektin köməyi ilə tapılıb: sahibi idman maşınının yerini Instagram-dakı şəkillərə əsasən müəyyən etmək üçün ChatGPT və Google-dan istifadə edib. Kaliforniyanın Orinj dairəsindən olan Andrew Garcia öz Huracan-ını lüks avtomobillərin oğurluğu üzrə böyük bir sxem nəticəsində itirmişdi. Dələduzlar avtomobilləri icarəyə götürüb geri qaytarmır, sənədləri saxtalaşdıraraq texnikanı yenidən satırdılar. Bu sxemin qurbanı ümumilikdə 20-yə yaxın idman və off-road avtomobilinin sahibi olub. Digər zərərçəkmişlərin əksəriyyəti sonradan avtomobillərini geri qaytara bilsələr də, Lamborghini axtarışda qalırdı.
Nəhayət, sahibinə Instagram-da mesaj göndərildi. Mesajda Garcia-nın əlaqə məlumatlarını avtomobildə tapdıqları və Huracan-ın satılıb-satılmadığını soruşduqları yazılmışdı. Mesaja maşının yeni çəkilmiş şəkilləri də əlavə olunmuşdu. Garcia araşdırmanı özü aparmağa qərar verdi. O, şəkilləri ChatGPT-ə yüklədi, Google alətləri ilə birgə istifadə etdi və avtomobilin yerini müəyyənləşdirmək üçün kifayət qədər məlumat toplamağı bacardı. İz Denverə gətirdi və polis bunu təsdiqlədi: bu, həqiqətən də onun Huracan-ıdır. Kolorado polisi sahibinə təşəbbüskarlığına görə təşəkkür etdi. Auto Theft Prevention Authority nümayəndəsi Cale Gould qeyd edib: “Məlumatlarla bu cür proaktiv iş oğurlanmış avtomobillərin tapılmasında böyük köməkdir”.
Paylaş