ABŞ qurumu Tesla-nın uzaqdan idarə olunan parklama sisteminə “yaşıl işıq” yandırdı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ-nin nəqliyyat təhlükəsizliyi qurumu National Highway Traffic Safety Administration (NHTSA) Tesla şirkətinin uzaqdan parklama funksiyası ilə bağlı başladığı araşdırmanı bağlayıb. Qurumun yaydığı məlumata görə, “Actual Smart Summon” adlanan bu funksiya ilə bağlı qeydə alınan hadisələr əsasən aşağı sürətlə baş verib və ciddi nəticələrə səbəb olmayıb. Araşdırma ilk dəfə 2025-ci ilin yanvarında başladılmışdı.
Ümumilikdə 159 hadisə qeydə alınsa da, bu rəqəm Tesla istifadəçilərinin həyata keçirdiyi milyonlarla “Summon” əməliyyatının 1 %-dən belə az hissəsini təşkil edir. Araşdırma zamanı məlum olub ki, hadisələrin böyük əksəriyyəti istifadəçilərin tətbiq üzərindən ətraf mühiti tam 360 dərəcə izləyə bilmədiyi hallarda baş verib. Qəzaların əksəriyyətində avtomobillər parkinq baryerlərinə, yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə və ya kiçik maneələrə dəyib. İki hadisədə isə avtomobil kameralarının qarla örtülməsi səbəbindən sistem maneələri düzgün aşkar edə bilməyib. Digər bir halda isə sistem qaraj çıxışındakı baryeri tanımayıb.
Tesla bu problemlərlə bağlı artıq proqram yeniləmələri yayımlayıb. Yeniləmələrdə kameraların görünüşünün yoxlanılması və obyektlərin tanınması imkanları təkmilləşdirilib. NHTSA bildirib ki, hadisələr ciddi xəsarət, ölüm və ya böyük zərərlə nəticələnmədiyi üçün araşdırmanın davam etdirilməsinə ehtiyac qalmayıb və iş rəsmi olaraq bağlanıb.
Paylaş