Airbnb şəxsi sürücü xidməti təqdim edir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Airbnb yeni bir xidmət istifadəyə verib. Şirkət artıq dünyanın 125 şəhərində şəxsi avtomobillə qarşılama (private car pick-up) xidmətini tətbiq etdiyini açıqlayıb. Bu xidmət çərçivəsində Airbnb nəqliyyat xidməti göstərən Welcome Pickups şirkəti ilə əməkdaşlıq edir. Yeni funksiya vasitəsilə istifadəçilər Paris, Bali və Mexiko kimi şəhərlərdə qaldıqları evə birbaşa hava limanından və ya şəhərin digər nöqtəsindən şəxsi avtomobil sifariş edə biləcəklər. Şirkətin məlumatına görə, xidmət bu il Avropa və Asiyada pilot proqram kimi test edilib və minlərlə istifadəçi tərəfindən istifadə olunub. Xidmətin orta istifadəçi reytinqi isə 4.96 olub ki, bu da yüksək məmnuniyyət göstəricisi hesab olunur.
Yeni sistem belə işləyir: istifadəçi Airbnb üzərindən rezervasiya etdikdən sonra tətbiqin “Trips” bölməsində şəxsi avtomobil sifariş etmək seçimi görünür. İstifadəçilər sifarişi idarə edə, dəyişiklik edə və bütün məlumatları birbaşa tətbiq üzərindən izləyə bilirlər. Bu addım Airbnb-nin sadəcə ev kirayəsi platforması olmaqdan çıxaraq səyahətin bütün mərhələlərini əhatə edən tam xidmət platformasına çevrilmək strategiyasının bir hissəsi hesab olunur. Şirkət daha əvvəl də aşpaz, masaj, fotoqraf, şəxsi məşqçi, gözəllik xidmətləri kimi müxtəlif xidmət kateqoriyalarını platformaya əlavə etmişdi. Bundan başqa, Airbnb artıq bəzi şəhərlərdə istifadəçilərə qaldıqları evə əvvəlcədən ərzaq sifarişi vermək imkanı da yaradır və hotel rezervasiyası sahəsində də fəaliyyətini genişləndirməyi planlaşdırır. Airbnb rəhbərliyi bildirir ki, şirkətin məqsədi istifadəçinin səyahətinin yalnız qalma hissəsində deyil, bütün səyahət boyu istifadə etdiyi əsas platformaya çevrilməkdir.
Paylaş