Logo
    Amazon Autos avtomobil alışı platforması Böyük Britaniyada işə düşəcək

    Amazon Autos avtomobil alışı platforması Böyük Britaniyada işə düşəcək

    Nəqliyyat
    25.11.2026
        “Amazon” avtomobil alışı üçün hazırladığı “Amazon Autos” platformasını Böyük Britaniyada 2027-ci ilin əvvəlində istifadəyə verəcək. İndiyədək yalnız ABŞ-də işləyən xidmət bununla ilk dəfə xarici bazara çıxacaq. İlk tərəfdaşlar arasında avtomobil istehsalçısı “Hyundai” və Britaniya dileri “Vertu Motors” da var. “Amazon” yaxın aylarda digər istehsalçı və dilerlərin adlarını da açıqlayacaq.
        Alıcılar yeni və işlənmiş avtomobilləri marka, model, rəng və qiymətə görə axtara biləcəklər. Saytda nağd alış, hissə-hissə ödəniş və müqavilə bitəndə avtomobili almaq seçimi olan maliyyələşdirmə variantlarını müqayisə etmək olacaq. Qiymətlər əvvəlcədən göstəriləcək. Alıcılar saytda yaxınlıqdakı dilerləri tapa və dəyişmək istədikləri avtomobilin təxmini dəyərini dərhal öyrənə biləcəklər.
        Avtomobili saytda bron etmək olar, amma alışı tamamlamaq üçün dilerə getmək lazım gələcək. Satışı da, maliyyələşdirməni də diler rəsmiləşdirəcək. “Amazon Autos”un beynəlxalq bölməsinin direktoru Matt Nuffortun sözlərinə görə, şirkət xidməti yerli dilerlərlə birlikdə hazırlayıb və avtomobil almağa hazır müştəriləri onlara yönləndirmək istəyir.
        ABŞ bazarında avtomobil seçimi bölgədən və platformaya qoşulan dilerlərdən asılıdır. Saytda ümumilikdə 35 avtomobil markası var. Onların 14-ü üzrə həm yeni, həm də işlənmiş avtomobillər satılır, qalan 21 marka üzrə isə yalnız işlənmiş avtomobillər var. Xidmət əvvəlcə 48 şəhərdə işləyirdi. İndi 150-dən çox şəhəri əhatə edir və minlərlə dilerlə işləyir.
        “Amazon” ilkin yoxlamadan keçmiş alıcıları dilerlərə yönləndirir, amma satışdan komissiya tutmur. Şirkət reklamdan və reklam xidmətlərinə abunə haqlarından gəlir götürür. Bununla belə, bu ilin əvvəlində ABŞ-də bəzi dilerlər xidmətin gözlədikləri nəticəni vermədiyini deyiblər. Onların sözlərinə görə, platforma üzərindən ayda cəmi 1 və ya 2 avtomobil satıblar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...