BYD: Bəzi Great Tang SUV-lərində ön və arxa disklərin yeri səhv salınıb
“BYD” etiraf edib ki, bəzi “Great Tang” elektrik SUV-lərində təkər diskləri səhv quraşdırılıb. Arxa təkərlər üçün hazırlanmış daha enli disklər önə, ön təkərlərin daha ensiz diskləri arxaya taxılıb. Səhv bir neçə avtomobil sahibinin şikayətindən sonra üzə çıxıb. Şirkət yığım zamanı buraxılan xətaya görə üzr istəyib.
Şikayətlərdən sonra araşdırmaya başlayan “BYD” problemin Hubeydəki təkər yığımı təchizatçısından qaynaqlandığını müəyyən edib. Şirkətin açıqlamasına görə, səhv artıq düzəldilib. Eyni halın təkrarlanmaması üçün təchizatçı istehsal xəttinə əlavə vizual yoxlama mərhələsi daxil edib.
İstehsalçı problemin neçə avtomobilə təsir etdiyini açıqlamayıb. “BYD” disklərin səhv yerlərə taxılmasının təhlükəsizlik riski yaratmadığını deyir. Buna baxmayaraq, problem aşkarlanan avtomobillərin diskləri pulsuz dəyişdiriləcək. Təmir vaxtı sahiblərə başqa avtomobil veriləcək və ya nəqliyyat xərcləri ödəniləcək. Avtomobillərin zəmanət müddəti də yenidən başladılacaq.
Çində “Datang” adlanan “Great Tang” bu ilin martında göstərilib. Elektrik SUV modelinin başlanğıc qiyməti təxminən 40 000 dollardır (68 000 manat). Avtomobil Çində 150 000 sifariş qəbul edib. “BYD” onu 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində Avropa və Asiyanın digər bazarlarında satışa çıxarmağı planlaşdırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...