ChatGPT dəstəyinə sahib Kia EV3 adlı elektrikli krossover təqdim edilib
Nəqliyyat
24.05.2024
Emil Nəcəfov
Kia şirkəti öz elektromobil portfoliosunu yeni model ilə genişləndirib. Belə ki, şirkət Kia EV3 adlı yeni elektrikli krossoverini təqdim edib. Hal-hazırda aktual olan Kia EV5 və EV9 adlı daha böyük ölçülü modellərdən fərqli olaraq EV3 modeli daha kompakt ölçülü gövdəni əldə edib. Bununla yanaşı bu yeni elektrikli krossover ChatGPT əsaslı süni zəka köməkçisinə sahib olması ilə seçilir. Beləliklə Kia EV3-ün uzunluğu 4300 mm, eni 1850 mm, hündürlüyü isə 1560 mm təşkil edir. Elektromobilin təkər bazasının uzunluğu 2680 mm-dir. Xarici görünüşcə elektromobil Kia EV9 ilə oxşar detallara sahibdir.
Kia EV3 yalnız bir versiyada təqdim olunub və o da yalnız ön çəkim təkərlərinə və 204 at gücündə elektrikli mühərrikə sahibdir. Bu elektrikli krossover saatda 100 km sürəti 7.5 saniyəyə yığır və onun maksimal sürəti saatda 170 km təşkil edir. Batareya həcmi mövzusunda alıcılara iki versiya təqdim olunacaq. Birinci versiya Standart adlanır və o özündə 58.3 kilovatt saat həcmli batareyanı birləşdirir. İkinci versiya isə Long Range adlanır və o özündə 81.4 kilovatt saat həcmli batareyanı birləşdirir. Birinci versiya bir dəfə şarj olunandan sonra 410 km, ikinci versiya isə 600 km yol qətt edə bilir.
Üstəlik Kia EV3 sürətli şarj texnologiyasını dəstəkləyir. Bunun sayəsində elektromobil 10%-dən 80%-ə enerjini 31 dəqiqə ərzində yığa bilir. Elektromobilin interyerinə gəldikdə isə onun ön hissəsində 12.3 düym ölçülü sensorlu ekran yerləşir. Ekranın bir hissəsi sükanın arxasındakı məlumat paneli qismində, digər hissəsi isə multimedia mərkəzi qismində çıxış edir. Elektromobilin sisteminə Kia mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş ChatGPT əsaslı süni zəka köməkçisi inteqrasiya edilib. Bu süni zəka köməkçisi sayəsində sürücü öz səyahətini planlaşdıra və elektromobilin müxtəlif funksiyalarından istifadə edə bilər. Kia EV3 avqust ayında Koreyada, payız fəslində isə Avropada satışa çıxacaq. Onun satış qiyməti barəsində məlumat verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!