Elektrikli Porsche Cayenne Turbo Coupe təqdim olundu
Porsche yeni elektrikli Cayenne Turbo Coupe modelini təqdim edib. Şirkətin sözlərinə görə, bu model 1139 at gücü ilə markanın tarixində istehsal etdiyi ən güclü avtomobildir. 2002-ci ildə ilk Cayenne modelinin təqdimatı Porsche həvəskarları arasında ciddi mübahisələrə səbəb olmuşdu. Hazırda Cayenne və Macan modelləri şirkətin satışlarının böyük hissəsini təşkil edir. Porsche indi isə bu uğurlu SUV ailəsini tam elektrikləşdirərək yeni mərhələyə keçir.
Yeni Cayenne Turbo Coupe elektrik mühərrikləri sayəsində 0-dan 100 km/s sürətə təxminən 2,4 saniyəyə çatır. Maksimal sürəti isə 261 km/s təşkil edir. Model 108 kVt/saat tutumlu batareya ilə təchiz olunub. 400 kVt gücündə sürətli enerji yığımı dəstəyi sayəsində batareyanın enerji səviyyəsini 10 %-dən 80 %-ə cəmi 16 dəqiqədən az müddətdə doldurmaq mümkündür.
Porsche yeni Cayenne modelində Formula E yarışlarından əldə olunan texnologiyalardan da istifadə edib. Elektrik mühərrikinin soyutma sistemi və 600 kVt gücündə rekuperativ əyləcləmə texnologiyası birbaşa yarış avtomobillərindən götürülüb. Dizayn baxımından Coupe versiyası standart Cayenne ilə müqayisədə daha axıcı dam xəttinə malikdir. Aerodinamik göstəricilər də yaxşılaşdırılıb və bu, avtomobilin yürüş ehtiyatının artmasına kömək edir. Porsche WLTP standartına əsasən yeni Cayenne modellərinin bir enerji yığımı ilə 573-670 kilometr məsafə qət edə biləcəyini bildirir.
Salon hissəsində isə 14,25 düymlük OLED ekran, əlavə sərnişin ekranı, AR əsaslı head-up displey və yenilənmiş multimedia sistemi təqdim olunur. Bununla yanaşı, Porsche ənənəvi fiziki idarəetmə elementlərinin bir hissəsini də qoruyub saxlayıb. Yeni Cayenne Electric ailəsinin əsas versiyası 116 150 ABŞ dollarından başlayır. Cayenne S Electric modeli 133 550 dollar, ən güclü Turbo Coupe versiyası isə 170 350 dollar başlanğıc qiymətinə malikdir. Test edilən tam təchizatlı versiyanın qiyməti isə 233 min dollara qədər yüksəlir.
Paylaş