Logo
    main-post-cover

    Ferrari-nin ilk elektrikli modeli Jony Ive imzası ilə gəlir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Ferrari tarixində ilk tam elektrikli superkar interyerini rəsmi olaraq nümayiş etdirib. Ferrari Luce adlanan bu modelin salon dizaynı isə avtomobil dünyasında böyük maraq doğurub. Səbəb sadədir: interyerin dizaynı əfsanəvi dizayner Jony Ive tərəfindən hazırlanıb.
    Jony Ive Designed the Interior for Ferrari's New EV, Take a Look Inside
        Apple-da iMac, iPhone, iPad və Apple Watch kimi ikon məhsulların dizaynına rəhbərlik etmiş Ive bu layihəni tərəfdaşı Marc Newson ilə birlikdə, LoveFrom studiyası çərçivəsində həyata keçirib. Ferrari ilə LoveFrom arasında əməkdaşlıq son 5 ildir gizli şəkildə davam edir və Luce bu işbirliyinin ilk real nəticəsidir. Minimalist dizayn yanaşması ilə tanınan Ive-in imzası interyerdə aydın hiss olunur. Buna baxmayaraq, tam sensorlu idarəetmə əvəzinə fiziki düymələrin qorunub saxlanılması diqqət çəkir. Ekranların yuvarlaq küncləri isə Apple üslubunu xatırladır.
        Sükan çarxı 1950–60-cı illərin klassik Ferrari modellərindən ilhamlanıb, 100 % təkrar emal edilmiş alüminiumdan hazırlanıb və standart sükanlardan 400 qram daha yüngüldür. Ferrari Luce üç əsas ekrana malikdir: hərəkətli sükanla birlikdə dövr edən cihazlar paneli (Ferrari üçün ilk), mərkəzi ekran və arxa idarəetmə paneli. Ultra nazik OLED ekranlar Samsung tərəfindən istehsal edilib və analoq-dijital vizual effektləri birləşdirir. Ferrari Luce modelinin texniki platforması artıq təqdim edilib, lakin eksteryer dizaynı 2026-cı ilin may ayında rəsmi debüt edəcək.
    Paylaş