Ford 2027–2028 planlarını açıqladı
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Ford şirkəti CES 2026 sərgisində gələcək planlarını açıqlayaraq həm süni intellekt köməkçisi, həm də yeni nəsil BlueCruise sistemini təqdim edib. Şirkətin açıqlamasına görə, AI əsaslı rəqəmsal köməkçi əvvəlcə Ford-un mobil tətbiqində istifadəyə veriləcək, daha sonra isə 2027-ci ildən avtomobillərə inteqrasiya olunacaq.
Ford-un süni intellekt köməkçisi Google Cloud üzərində işləyəcək və hazır böyük dil modellərindən (LLM) istifadə edəcək. Ən diqqətçəkən məqam isə köməkçinin avtomobilə dair detallı məlumatlara birbaşa çıxışının olmasıdır. AI köməkçi 2026-cı ilin əvvəlində yenilənmiş Ford mobil tətbiqində aktiv olacaq. Avtomobil daxilində tam inteqrasiya isə 2027-ci ilə planlaşdırılıb, lakin ilkin mərhələdə hansı modellərin dəstəklənəcəyi açıqlanmayıb.
Ford bununla yanaşı, BlueCruise sisteminin yeni nəslini də elan edib. Şirkət bildirir ki, yeni versiya mövcud sistemlə müqayisədə istehsalda təxminən 30 faiz daha ucuzdur və funksional imkanları xeyli genişləndirilib. Sistem 2027-ci ildə Ford-un “Universal Electric Vehicle” adlı aşağı xərcli yeni platforması üzərində qurulacaq ilk elektromobil, orta ölçülü pikap modelində debüt edəcək.
Paylaş