Jaguar elektrikli Type 01-in interyerini ilk dəfə göstərdi
Jaguar tam elektrikli yeni Type 01 modelinin interyerini ilk dəfə nümayiş etdirib. Şirkətin paylaşdığı fotolar avtomobilin kifayət qədər minimalist və qeyri-adi salon dizaynına sahib olacağını göstərir. Type 01 dörd oturacaqlı olacaq. Salonun mərkəzindən avtomobil boyunca uzanan və Jaguar-ın “spine” adlandırdığı konstruksiya ön və arxa oturacaqları bir-birindən ayırır. İnteryerdə əsasən bej rənglərdən istifadə olunub.
Sürücü oturacağı olduqca aşağı yerləşdirilib. Ön panel də klassik avtomobillərdən xeyli fərqlənir: burada böyük ekranlar əvəzinə mərkəzdə smartfonu xatırladan ensiz şaquli displey yerləşdirilib. Type 01-də ənənəvi arxa görüntü güzgüsü də olmayacaq. Onu ön şüşənin aşağı hissəsində yerləşən “ClearSight Rear View Display” adlı ekran əvəz edəcək. Jaguar bildirir ki, ekran yan güzgülərlə təxminən eyni hündürlükdə yerləşdirilib ki, sürücü baxışını mümkün qədər eyni səviyyədə saxlaya bilsin. Şirkət avtomobildə gizli saxlama bölmələrinin və yalnız ehtiyac yarandıqda görünən texnologiyaların da olacağını bildirir. Lakin Jaguar hələlik bu funksiyaların necə işləyəcəyini ətraflı göstərməyib.
Paylaş
