Jony Ive imzalı yeni Ferrari modeli mübahisə yaratdı
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın keçmiş baş dizayneri Jony Ive tərəfindən hazırlanan yeni elektrikli Ferrari modeli böyük müzakirələr yaradıb. “Ferrari Luce” adlanan avtomobil həm futuristik görünüşü, həm də markanın klassik dizayn xəttindən uzaqlaşması ilə diqqət çəkir.
Jony Ive və Marc Newson tərəfindən qurulan LoveFrom dizayn şirkəti Ferrari ilə əməkdaşlığa 2021-ci ildə başlamışdı. Beş ildən sonra təqdim olunan Ferrari Luce isə şirkətin ilk böyük nəticəsi hesab olunur.
Avtomobilin interyeri müasir və retro elementlərin qarışığından ibarətdir. Salon daxilində OLED mərkəzi ekran, fiziki düymələr və klassik saat görnüşlü detallar yer alır. Göstərici panelində isə köhnə Ferrari modellərini xatırladan, lakin tam rəqəmsal işləyən displeylər istifadə olunub.
Ən çox müzakirə olunan hissə isə avtomobilin xarici görünüşüdür. Açılan dörd qapısı, iri kuzov forması və açıq mavi rəngi səbəbindən bir çox avtomobil həvəskarı onun klassik Ferrari ruhunu daşımadığını düşünür. Bəzi ekspertlər modelin Ferrari-dən daha çox elektrik dövrünə uyğunlaşdırılmış Lotus avtomobillərinə bənzədiyini bildirir.
Yeni Ferrari Luce aerodinamik göstəricilərinə görə markanın indiyə qədərki ən effektiv modellərindən biri hesab olunur. Bununla belə, tənqidçilər dizaynın daha çox Apple Car layihəsinin mümkün görünüşünü xatırlatdığını deyirlər.
Tam elektrikli dördqapılı Ferrari Luce-un qiyməti təxminən 640 min dollar olacaq. Modelin Avropada 2026-cı ildə, ABŞ-də isə 2027-ci ildə satışa çıxarılması planlaşdırılır.
Paylaş