Lamborghini elektrikli superkar planından imtina etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Lamborghini tam elektrikli model planlarını dayandırıb. The Sunday Times qəzetinin yaydığı məlumata görə, şirkət 2029-cu ildə bazara çıxarmağı planlaşdırdığı Lanzador elektrik konseptinin seriya istehsalından imtina edib.
Şirkətin idarə heyətinin sədri və baş direktoru Stephan Winkelmann bildirib ki, müştərilər arasında tam elektrikli Lamborghini modellərinə maraq “demək olar ki, sıfır səviyyəsindədir”. Onun sözlərinə görə, Lanzador layihəsinin dayandırılması qərarı ötən ilin sonunda verilib, lakin bu qərar indi ilk dəfə ictimaiyyətə açıqlanır. Xatırladaq ki, Lamborghini Lanzador konsepti 2023-cü ilin avqust ayında böyük təqdimatla nümayiş olunmuşdu və bu model brendin ilk tam elektrikli avtomobili kimi planlaşdırılırdı.
Winkelmann qeyd edib ki, hazırkı elektrikli avtomobillər Lamborghini üçün vacib olan “emosional bağ”ı yaratmaqda çətinlik çəkir. Onun fikrincə, mühərrik səsinin olmaması da müştərilərin marağının azalmasında əsas faktorlardan biri ola bilər. Şirkət Lanzador əvəzinə plug-in hibrid model təqdim edəcək. Artıq Lamborghini portfelində Lamborghini Revuelto və Lamborghini Urus kimi hibrid modellər mövcuddur. Planlara əsasən, 2030-cu ilə qədər brendin bütün modelləri hibrid olacaq. Bununla yanaşı, şirkət daxili yanma mühərriklərini “mümkün qədər uzun müddət” istehsal etməyə davam edəcəyini bildirir.
Paylaş