Logo
    Strutt 7499 dollarlıq özü hərəkət edən ev1c əlil arabasını göstərdi

    Strutt 7499 dollarlıq özü hərəkət edən ev1c əlil arabasını göstərdi

    Nəqliyyat
    05.09.2026
        “Strutt” şirkəti “IFA 2026” sərgisində ev daxilində özü hərəkət edə bilən “Strutt ev1c” fərdi hərəkət vasitəsini nümayiş etdirib. Elektrikli əlil arabası ilə skuterin imkanlarını birləşdirən cihaz istifadəçi idarə etmədən otaqlar arasında gedə bilir. Kameralar və LiDAR sistemi yoldakı maneələri müəyyənləşdirir. Bu sistem həm avtonom hərəkət zamanı, həm də cihaz əl ilə idarə edilərkən təhlükəsizliyə kömək edir.
    Strutt 7499 dollarlıq özü hərəkət edən ev1c əlil arabasını göstərdi
        İlk istifadə zamanı LiDAR, yəni lazer vasitəsilə məsafəni ölçən sensor evin xəritəsini hazırlayır. Sistem divar və masa kimi hərəkətsiz obyektləri insanlardan və ev heyvanlarından ayırır. Aşkarlanan obyektlər qol dayağındakı kiçik toxunma ekranında göstərilir. İstifadəçi xəritədə yataq və ya mətbəx kimi dayanacaq nöqtələri yarada bilər. Daha sonra ekrandan, telefon tətbiqindən və ya səsli əmrlə məkan seçilir. Vasitə həmin yerə özü gedir.
        “Strutt ev1c” telefon tətbiqi ilə evin başqa hissəsindən istifadəçinin yanına çağırıla bilər. Şirkət arabir köməyə ehtiyac duyanlar üçün cihazın istifadəçinin arxasınca getdiyi rejimi də sınaqdan keçirir. Lakin bu funksiya hələ xətasız işləmir. Avtonom hərəkət sınağında vasitə masanın ətrafından keçib, dar qapı boşluğunu aşıb və heç bir maneəyə toxunmadan divana çatıb. Xalça və sərt döşəmə üzərində hərəkət arasında fərq müşahidə olunmayıb. Yalnız dar sahədə dönərkən hərəkət bir qədər kəskin olub.
    Strutt 7499 dollarlıq özü hərəkət edən ev1c əlil arabasını göstərdi
        Əl ilə idarəetmə üçün nəzərdə tutulan “Co-Pilot” rejimi qarşıda insan və ya əşya aşkarladıqda sürəti tədricən azaldır və vasitəni saxlayır. Arxa kamera hərəkət istiqamətini ekranda göstərir. Sabit sürət rejimi isə joystiki davamlı tutmadan düz xətt üzrə getməyə imkan verir. Daha inkişaf etmiş “Co-Pilot+” rejimi maneənin qarşısında dayanmaq əvəzinə boş sahə taparaq onun yanından keçir. Bu rejim dar qapıdan keçərkən sükanı avtomatik düzəldə bilir.
    Strutt 7499 dollarlıq özü hərəkət edən ev1c əlil arabasını göstərdi
        4 təkərdən çəkiş sistemi ilə işləyən “Strutt ev1c” saatda təxminən 13 km sürət yığır və relyefdən asılı olaraq batareya ilə təxminən 32 km məsafə qət edir. Vasitə ot və çınqıl üzərində hərəkət edə, 13 dərəcəyədək yoxuşları və təxminən 5 sm hündürlüyündə bordürü aşa bilir. Avtomobilə yerləşdirmək üçün cihazı 5 hissəyə ayırmaq mümkündür. Batareya asanlıqla çıxarılır. Şirkət uzaq səfərlər üçün ehtiyat batareya çantası üzərində də işləyir.
        “Strutt ev1c” modelinin ABŞ-də qiyməti 7499 dollar (təxminən 12 750 manat) təşkil edir. Böyük Britaniyada cihaz 5995 funt sterlinq (təxminən 13 790 manat) qiymətləndirilib. Yekun məbləğ ölkələrdə hərəkət vasitələri üçün tətbiq olunan güzəşt proqramlarından asılı olaraq dəyişə bilər. Model “IFA 2026” sərgisinin ən yaxşı məhsullarından biri seçilib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...