Sürücüsüz yük maşınları hazırlayan Gatik 200 milyon dollar investisiya cəlb edib
Avtonom yük maşınları hazırlayan ABŞ startapı Gatik yeni investisiya raundunda 200 milyon dollar vəsait cəlb edib. Maliyyələşmə şirkətin PepsiCo ilə çoxillik kommersiya müqaviləsi imzalamasından cəmi iki ay sonra baş tutub. Yeni investisiya raunduna Qatar Investment Authority və Koch Disruptive Technologies rəhbərlik edib. Millennium Management, ARK Invest və Intact Private Capital da raunda qoşulub. Bununla da 2019-cu ildən indiyədək Gatik-in cəlb etdiyi ümumi investisiyanın həcmi təxminən 500 milyon dollara çatıb. Şirkətin hazırkı bazar dəyəri isə açıqlanmayıb.
Gatik digər avtonom nəqliyyat şirkətlərindən fərqli olaraq uzun məsafəli yükdaşımalarına və ya robotaksilərə deyil, əsasən “middle-mile” adlandırılan qısa və orta məsafəli kommersiya daşımalarına fokuslanır. Şirkətin sürücüsüz yük avtomobilləri əsasən distribusiya mərkəzləri ilə mağazalar və digər satış nöqtələri arasında məhsul daşıyır. Gatik-in avtonom yük maşınları Isuzu Motors tərəfindən istehsal olunur. Şirkət fəaliyyətə 10 mildən qısa sabit marşrutlarla başlasa da, hazırda çoxsaylı yükləmə və boşaltma nöqtələrini əhatə edən və ümumi uzunluğu 400 milə qədər çatan marşrutlarda işləyə bilir.
Şirkətin müştəriləri arasında Walmart, Kroger, Tyson Foods və Kanadanın Loblaws şirkəti də var. Gatik-in hazırda açıqlanan ən böyük kommersiya tərəfdaşlığı isə PepsiCo ilədir. Razılaşma çərçivəsində 41 sürücüsüz yük maşını Dallas, Phoenix və Arkanzasın şimal-qərbindəki distribusiya mərkəzlərindən mağazalara Cheetos, Doritos və digər Frito-Lay məhsullarını daşıyır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...