Logo
    main-post-cover

    Tesla ABŞ-də yeni altıyerlik Model Y L modelini təqdim etdi

        Tesla ABŞ bazarında yeni, daha böyük və daha geniş salonlu Model Y L modelini təqdim edib. Şirkətin yeni elektromobili üç sıra oturacaq və altı nəfərlik salonla təklif olunur və xüsusilə böyük ailələr üçün nəzərdə tutulub. Hazırda ABŞ-də satışa çıxarılan versiyanın tam adı Tesla Model Y L Premium Launch Series adlanır. Yeni Model Y L standart Model Y ilə müqayisədə daha böyük ölçülərə malikdir. Avtomobilin təkər bazası təxminən 15 santimetr, ümumi uzunluğu isə 18 santimetrə yaxın artırılıb. Bu da üçüncü sıra sərnişinlər üçün daha geniş məkan və əlavə yük tutumu təmin edir.
    Tesla Model Y L
        Tesla Model Y L iki elektrik mühərriki ilə təchiz olunub. Avtomobil bir enerji doldurulması ilə təxminən 523 kilometr (325 mil) məsafə qət edə bilir və 0-dan 96 km/saat sürətə cəmi 4,4 saniyəyə çatır. Baqaj həcmi isə 89 kub fut təşkil edir. Yeni modelin avadanlıq siyahısına aşağıdakılar daxildir:
    • Ön sırada qızdırılan və havalandırılan idman oturacaqları;
    • İkinci sırada qızdırılan və havalandırılan oturacaqlar;
    • Elektriklə idarə olunan qolaltılar;
    • İkinci sıra üçün 8 düymlük sensor ekran;
    • 18 dinamikli audio sistemi.
    Tesla Model Y L
        Bundan əlavə, Launch Series versiyası xüsusi nişanlar, eksklüziv ayaqaltılar və qapı işıqlandırması kimi əlavə dizayn elementləri ilə seçilir. Tesla Model Y L-in ABŞ-də başlanğıc qiyməti 61 990 dollar təşkil edir ki, bu da şirkətin Model Y Performance versiyasından 4 min dollar daha bahadır. Qeyd edək ki, Model Y L tamamilə yeni model deyil. Avtomobil bir müddətdir ki, Çin bazarında satılır və daha sonra Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə də təqdim olunub. Bununla belə, ABŞ bazarında bu model Tesla-nın hazırda təklif etdiyi yeganə altıyerlik elektromobilə çevrilib.
    Paylaş