Logo
    main-post-cover

    Tesla etiraf etdi: Robotaksiləri bəzi hallarda insan operatorlar idarə edir

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Tesla şirkətinin robotaksi xidmətində bəzi hallarda avtomobillərin uzaqdan insan operatorlar tərəfindən idarə olunduğu ortaya çıxıb. Bu barədə şirkətin ABŞ senatoru Ed Markeyə göndərdiyi rəsmi məktubda məlumat verilib. Məktubda qeyd olunur ki, bu sistem fövqəladə hallar üçün nəzərdə tutulmuş ehtiyat tədbiridir. Belə ki, robotaksi proqramı çətin vəziyyətdə qaldıqda və digər bütün müdaxilə üsulları nəticə vermədikdə, uzaqdan kömək edən operator avtomobili müvəqqəti olaraq birbaşa idarə edə bilər.
    Driverless Tesla Robotaxi spotted in Austin | Mashable
        Məlumata görə, operatorlar avtomobilin idarəsini yalnız maşın çox aşağı sürətlə hərəkət edərkən, təxminən saatda 3 km (2 mph) sürət civarında olduqda öz üzərinə götürə bilir. Sistem icazə verərsə, uzaqdan idarə zamanı avtomobilin sürəti maksimum saatda 16 km-ə (10 mph) qədər artırıla bilər. Qeyd edək ki, digər sürücüsüz avtomobil şirkətləri də bəzi hallarda insan operatorlardan istifadə edir, lakin onların operatorları adətən avtomobili birbaşa idarə etmir, yalnız sistemə istiqamət və məsləhətlər verirlər. Məsələn, Waymo şirkətində operatorlar avtomobilin sensor görüntülərini görərək sistemə kömək edir, lakin avtomobili uzaqdan idarə etmirlər.
        Tesla isə fərqli yanaşma tətbiq edir. Şirkət digər rəqiblərindən fərqli olaraq radar və lidar kimi əlavə sensorlar əvəzinə əsasən kameralar vasitəsilə işləyən Full Self-Driving (FSD) sisteminə güvənir. Bu sistemlə bağlı əvvəllər bir neçə qəza hadisəsi də baş verib və 2025-ci ildə ABŞ nəqliyyat təhlükəsizliyi qurumu Tesla-nın FSD sistemi ilə bağlı araşdırma başladıb. Tesla robotaksi xidmətini ilk dəfə 2025-ci ilin iyun ayında Texas ştatının Ostin şəhərində məhdud şəkildə istifadəyə verib. İlkin mərhələdə avtomobillərdə təhlükəsizlik məqsədilə sürücü oturacağında insan da olub. Hazırda isə şirkət bəzi marşrutlarda sürücüsüz testlər aparır və məhz buna görə uzaqdan idarəetmə kimi ehtiyat plan tətbiq olunur.
    Paylaş