Logo
    main-post-cover

    Tesla-nın kamera strategiyası qanun maneəsi ilə üz-üzədir

        ABŞ-nin Nyu-Cersi ştatında müzakirə olunan yeni qanun layihəsi gələcəkdə Tesla Robotaxi xidmətinin ştatda fəaliyyət göstərməsinə mane ola bilər. Səbəb isə Tesla-nın uzun illərdir müdafiə etdiyi yalnız kamera əsaslı avtonom idarəetmə yanaşmasıdır. Qanun layihəsinə əsasən, tam sürücüsüz (Level 4 və daha yüksək) avtomobillər yollarda fəaliyyət göstərmək üçün təkcə kamera ilə kifayətlənməməli, əlavə olaraq ən azı iki fərqli sensor texnologiyası ilə təchiz edilməlidir. Praktikada bu, lidarradar sistemlərinin istifadəsini zəruri edir.
    New Jersey could ban Tesla’s Robotaxi with one line about sensors
        Tesla isə Robotaxi və digər avtonom idarəetmə sistemlərində yalnız kameralara və süni intellektə güvənir. Əgər qanun qəbul olunarsa, şirkət Nyu-Cersidə Robotaxi xidmətini işə salmaq üçün avtomobillərinin avadanlığını dəyişməli olacaq. Qanun layihəsi həmçinin üç illik pilot proqramın yaradılmasını nəzərdə tutur. Bu proqram çərçivəsində avtomobillər qəza baş verməzdən əvvəlki son 30 saniyənin məlumatlarını qeyd etməli, sürücüsüz rejimə keçməzdən əvvəl ən azı 50 min mil sınaq yürüşü tamamlamalı və minimum 5 milyon dollar sığortaya malik olmalıdır. Bundan əlavə, bu avtomobillərin məktəb zonalarında, yol təmiri aparılan ərazilərdə və piyadaların sıx olduğu yerlərdə hərəkətinə icazə verilməyəcək.
        Qanun layihəsində diqqət çəkən başqa bir məqam isə sürücüyə yardım sistemlərinin reklamı ilə bağlıdır. Avtomobil istehsalçıları və satıcıları alıcılara bu sistemlərin imkan və məhdudiyyətlərini yazılı şəkildə təqdim etməli, onları avtomobilin tam müstəqil idarə olunduğu təəssüratı yaradacaq formada reklam etməməlidirlər. Bu qaydanın pozulması istehlakçıların aldadılması kimi qiymətləndirilə bilər. Hazırda ABŞ-də sürücüsüz avtomobillərlə bağlı vahid federal qaydalar mövcud deyil və hər ştat öz tələblərini müəyyənləşdirir.
    Paylaş