Tesla-nın Robotaxi planı təhlükədə!
ABŞ-nin Nyu-Cersi ştatında müzakirəyə çıxarılan yeni qanun layihəsi Tesla-nın sürücüsüz taksi xidmətinin fəaliyyətini faktiki olaraq qadağan edə bilər. Səbəb isə şirkətin yalnız kameralara əsaslanan avtonom idarəetmə sistemindən istifadə etməsidir. Qanun layihəsinə əsasən, tam avtonom avtomobillərin istifadəsinə icazə almaq istəyən şirkətlər yalnız kameralarla kifayətlənə bilməyəcək. Onlardan əlavə olaraq ən azı iki fərqli sensor texnologiyasından əsasən lidar və radar sistemlərindən istifadə tələb olunacaq.
Bu qayda qəbul edilərsə, Nyu-Cersi ABŞ-də sürücüsüz avtomobillər üçün belə texniki tələbi qanunla məcburi edən ilk ştat olacaq. Qanun layihəsinin müəllifi, senator Endryu Zviker bildirib ki, məqsəd Tesla-nı hədəf almaq deyil, ictimai təhlükəsizliyi təmin etməkdir. Onun sözlərinə görə, mövcud texnologiya yalnız kamera vasitəsilə insan sürücünün təhlükəsizlik səviyyəsinə çata bilmir. Tesla isə tamamilə fərqli mövqedədir. Şirkətin rəhbəri Elon Musk uzun illərdir ki, kameralar və süni intellektin tam avtonom idarəetmə üçün kifayət etdiyini müdafiə edir. Musk hesab edir ki, əlavə sensorlar sistemdə ziddiyyətli məlumatlar yarada və hətta təhlükəsizliyi azalda bilər.
Bunun əksinə olaraq, Waymo və Zoox kimi digər böyük robotaksi şirkətləri kameraları lidar və radarla birlikdə istifadə edir. Onların fikrincə, müxtəlif sensorların birlikdə işləməsi həm pis hava şəraitində, həm də mürəkkəb yol vəziyyətlərində təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. Qanun layihəsində yalnız sensor tələbi deyil, digər şərtlər də yer alıb. Şirkətlər sürücüsüz xidmətə başlamazdan əvvəl Nyu-Cersidə ən azı 80 min kilometr (50 min mil) nəzarətli test həyata keçirməli, ciddi qəza qeydə alınmamalı və ştatın rəsmi icazəsini almalıdır.
Paylaş