Tesla qapı tutacaqları Çində qadağan olunacaq
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Tesla ilə populyarlaşan geri çəkilən (retractable) qapı tutacaqları Çində təhlükəsizlik səbəbilə qadağan olunacaq. Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin yayımladığı yeni qayda layihəsinə əsasən, çəkisi 3,5 tondan az olan bütün avtomobillər həm daxili, həm də xarici mexaniki fövqəladə qapı açma mexanizminə malik olmalıdır.
Bu tələblər faktiki olaraq elektriklə işləyən geri çəkilən qapı tutacaqlarının yeni avtomobillərdə istifadəsini qadağan edir. Qadağa 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Tənzimləyici qurumlar bu qərarı təhlükəsizlik riskləri ilə əsaslandırır. Bloomberg-in apardığı son araşdırmaya görə, Tesla avtomobillərində qapıların açılmaması ilə əlaqəli 15 ölüm hadisəsi qeydə alınıb. Bir çox elektrikli avtomobildə mexaniki ehtiyat açma sistemi olsa da, qəzalar zamanı sürücü və sərnişinlərin bu mexanizmləri tapa bilmədiyi və ya işlədə bilmədiyi hallar tez-tez baş verir.
Qadağa Çində fəaliyyət göstərən bütün elektrikli avtomobil istehsalçılarını, o cümlədən yerli BYD şirkətini də əhatə edəcək. Lakin ən böyük təsiri Tesla hiss edəcək. Şirkətin bütün modelləri geri çəkilən qapı tutacaqları ilə təchiz olunduğundan, Tesla Çində fəaliyyətini davam etdirmək istəyirsə, təxminən bir il ərzində dizayn dəyişikliyinə getməli olacaq.
Qeyd edək ki, ABŞ tənzimləyici qurumları da Tesla-nın qapı tutacaqları ilə bağlı təhlükəsizlik risklərini araşdırır.
Paylaş