
Tesla Robotaxi artıq ilk qəza hadisəsini yaşayıb (VİDEO)
Nəqliyyat
07.07.2025
Emil
Keçən ayın sonunda Tesla Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərlə taksi xidmətinə başladığını elan etdi. O vaxtdan bəri şirkətə məxsus robotaksilərin qəribə manevrləri və yol hərəkəti qaydalarını pozmaları ilə bağlı məlumatlar yayılmağa başladı. İndi isə ilk qəza barədə xəbər yayılıb. Hadisə Home Slice Pizza restoranının dayanacağında baş verib və bu, Dirty Tesla adlı YouTube kanalında yayımlanmış video ilə təsdiqlənir. Tesla Model Y elektromobili dayanacaqdan çıxmağa çalışarkən orada park edilmiş Toyota Camry-yə dəyib.
Robotaksidəki sərnişin avtomobili tərk etdikdən sonra Model Y restoranın dayanacağından çıxmağa başlayıb. Elektromobil əvvəlcə dayanıb, bir neçə saniyə sonra qəfil hərəkətə gəlib, sola dönərək yaxınlıqda park olunmuş Toyota Camry-yə toxunub. Nəticədə avtomobilə yüngül zədə dəyib, qəza zamanı heç kim xəsarət almayıb. Tesla elektromobilinin bu qədər məntiqsiz manevr etməsinin səbəbi hələ də aydın deyil. Lakin daha əvvəl internetdə Tesla şirkətinin robotaksilərinin əks hərəkət zolağına çıxaraq orada bir neçə saniyə hərəkət etmələri ilə bağlı məlumatlar yayılmışdı.
Mövcud məlumata əsasən, ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) artıq internetdə yayılmış videolara əsaslanaraq Tesla-nın robotaksi xidmətinin fəaliyyətini araşdırır. Həmin videolarda şirkətin avtonom elektromobilləri yol hərəkəti qaydalarını pozurlar. Nəzarət qurumunun açıqlamasında deyilir: “Bu hesabatlar və əlaqəli məlumatlar öyrənildikdən sonra NHTSA yollarda təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri görəcək”.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
