
Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib
Nəqliyyat
23.06.2025
Emil
Tesla şirkəti Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərdən istifadə edən məhdud taksi xidmətinin işə salındığını elan edib. Bu barədə məlumat avtomobil istehsalçısının sosial şəbəkə X-dəki rəsmi hesabında paylaşılıb. Şirkətin açıqlamasında deyilir: “Tesla Robotaxi artıq Texas ştatının Ostin şəhərində səfərlərə başlayıb”. Hazırda bu yeni xidmətdən hər kəs istifadə edə bilməyəcək. Xidmət yalnız Tesla tərəfindən dəvət almış şəxslər üçün əlçatan olacaq. Xidmət Ostinin müəyyən ərazilərində fəaliyyət göstərəcək və bu zonalarda şirkətə məxsus 10-20 elektromobil yerləşəcək. Robotaksini çağırmaq üçün xüsusi mobil tətbiq nəzərdə tutulub. Xidmət hər gün yerli vaxtla saat 06:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Əlavə təhlükəsizliyi təmin etmək məqsədilə səfərlər zamanı ön sərnişin oturacağında bir Tesla əməkdaşı yerləşəcək. Onun vəzifəsi fövqəladə vəziyyət yarandığı halda elektromobili xüsusi əmrlərdən - “təcili dayanma” və “kənara çəkilmə” -istifadə edərək istifadəçi interfeysi vasitəsilə dərhal dayandırmaqdır. Qeyd olunur ki, ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) hələ də robotaksi xidmətinin işə salınması və təhlükəsizlik məsələləri ilə bağlı Tesla-nın sorğu sənədlərinə verdiyi cavabları araşdırır. Maraqlıdır ki, bir müddət əvvəl Texasda avtonom mobilliklə bağlı qanun qəbul edilib. Bu qanuna əsasən, bütün operatorlar avtonom nəqliyyat vasitələrindən istifadə üçün rəsmi icazə almalıdırlar. Qanun bu ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.

Sənəddə ştat ərazisində dördüncü səviyyə avtonomluğa malik nəqliyyat vasitələrinin istifadəsinə icazə verilir. Lakin hazırda Tesla-nın avtopilotu ikinci səviyyəli sistem kimi təsnif edilir. Məhdudiyyətləri aşmaq üçün Tesla-nın robotlaşdırılmış sistemi xüsusi operator komandası tərəfindən dəstəklənəcək və lazım gəldikdə idarəetməni öz üzərinə götürəcək. Avtonomluğun dördüncü səviyyəsini təsdiqləyə bilən sistem Google-a məxsus olan Waymo robotaksi xidməti olub. Bu xidmət artıq Feniks, Los-Anceles, San-Fransisko və Ostin şəhərlərində fəaliyyət göstərir. Waymo 2025-ci ilin sonuna qədər xidmətini daha 10 şəhərə genişləndirməyi planlaşdırır. Hazırda Waymo-nun avtonom avtomobil parkında avtonom idarəetmə sistemləri ilə təchiz edilmiş təxminən 1500 ədəd Jaguar I-Pace avtomobili var.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
