Uber robotaksilər uğrunda Waymo ilə açıq qarşıdurmaya gedir
ABŞ Vaşinqtonda sürücüsüz avtomobillərin kommersiya məqsədilə istifadəsinə imkan verəcək yeni qanun layihəsi robotaksi bazarının iki böyük oyunçusu Uber və Waymo arasında ciddi fikir ayrılığı yaradıb. Maraqlıdır ki, hazırda müəyyən şəhərlərdə tərəfdaş kimi fəaliyyət göstərən iki şirkət bu məsələdə tamamilə fərqli mövqe tutur. Hazırda Vaşinqtonda Waymo və digər şirkətlər sürücüsüz avtomobilləri yalnız sükan arxasında təhlükəsizlik sürücüsü olmaq şərti ilə sınaqdan keçirə bilir. Yeni qanun layihəsi qəbul edilərsə, şirkətlərə heç bir insan sürücü olmadan kommersiya robotaksi xidməti göstərməyə icazə veriləcək. Lakin Uber bu layihəyə qarşı çıxır. Şirkət hesab edir ki, mövcud formada qəbul ediləcək qanun bazarda yalnız Waymo kimi robotaksi operatorlarına üstünlük verəcək və ənənəvi taksi sürücülərinin iş yerlərinin azalmasına səbəb olacaq. Uber bunun əvəzinə "hibrid model" təklif edir. Bu modeldə istifadəçilər eyni tətbiq üzərindən həm insan sürücüsü, həm də robotaksi sifariş edə biləcək və qanunvericilik də bunu məcburi hala gətirəcək.
Waymo isə bu yanaşma ilə razı deyil. Şirkət bildirir ki, robotaksilərin mütləq "ride-hailing" platformalarına inteqrasiya olunması innovasiyanı məhdudlaşdıracaq və bazarda süni maneələr yaradacaq. Waymo hesab edir ki, yeni qanun təhlükəsizlik, ictimai nəqliyyat və əlçatanlıq baxımından kifayət qədər balanslı hazırlanıb. Qanun layihəsində robotaksi operatorları üçün bir sıra yeni tələblər də nəzərdə tutulur. Şirkətlər minimum 5 milyon dollar məsuliyyət sığortasına malik olmalı, qəzalar barədə müəyyən olunmuş müddətlərdə hesabat verməli və hər mil üçün 0,15 dollar xüsusi vergi ödəməlidirlər. Toplanan vəsaitin yarısı ictimai nəqliyyatın inkişafına, qalan hissəsi isə robotaksilər səbəbindən işini itirə biləcək sürücülərin yenidən hazırlanmasına yönəldiləcək.
Paylaş