Logo
    main-post-cover

    Uber tətbiqində görünən Lime artıq birjaya çıxır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Uber tərəfindən dəstəklənən mikromobillik şirkəti Lime ilkin kütləvi təklif (IPO) üçün rəsmi müraciət edib. Elektrikli skuter və velosiped kirayəsi xidməti təqdim edən şirkət Nasdaq birjasında “LIME” tickeri altında listinq olunmağı planlaşdırır.
        Rəsmi sənədlərə əsasən, Lime son illərdə gəlirlərini ciddi şəkildə artırmağı bacarıb. Şirkətin gəliri 2023-cü ildə 521 milyon dollar olduğu halda, 2024-cü ildə 686,6 milyon dollara, 2025-ci ildə isə 886,7 milyon dollara yüksəlib. Bununla yanaşı, şirkət hələ də tam mənfəət mərhələsinə keçə bilməyib.
    ITALY-TRANSPORT-SHARING-SCOOTERS
        Lime-ın xalis zərəri 2023-cü ildə 122.3 milyon dollar təşkil etsə də, sonrakı illərdə bu göstərici azalmağa başlayıb. Şirkət 2024-cü ildə 33,9 milyon dollar, 2025-ci ildə isə 59,3 milyon dollar zərər açıqlayıb. Buna baxmayaraq, Lime son üç ildə müsbət sərbəst pul axını əldə etdiyini bildirib. 2025-ci ildə şirkətin sərbəst pul axını 104 milyon dollara çatıb.
        2017-ci ildə qurulan Lime uzun illərdir Uber ilə sıx əməkdaşlıq edir. 2020-ci ildə Uber şirkətə 170 milyon dollarlıq investisiya yatırmış və həmin dövrdə özünün Jump adlı elektrikli velosiped və skuter biznesini Lime-a satmışdı. Daha sonra Jump brendi bazardan çıxarılıb və bütün aktivlər Lime-a inteqrasiya olunub.
        Hazırda Lime dünyanın 230 şəhərində və 29 ölkəsində fəaliyyət göstərir. Şirkətin böyüməsində Uber əməkdaşlığının böyük rolu olub. Lime nəqliyyat vasitələri bir çox regionda birbaşa Uber tətbiqi daxilində də görünür. SEC sənədlərinə görə, Lime gəlirlərinin təxminən 14,3 %-i məhz Uber tərəfdaşlığından formalaşıb.
     
    Paylaş